Bakı Dövlət Universitetinin (BDU) Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev Xəzər dənizində su səviyyəsinin azalmasının miqrasiya edən quşlara və regionun ekosisteminə mənfi təsirlərini təhlil edib.

Denizxeber.az bildirir ki, Azərbaycan quşların mövsümi miqrasiyasında xüsusi əhəmiyyətə malikdir. Qışlama dövründə ölkəmizə Rusiya, Qazaxıstan, Şimali və Mərkəzi Avropadan əsasən qazkimilər və ördəklər, nəsilvermə dövründə isə Cənub-Şərqi Asiya və Afrikadan vağkimilər və digər su-bataqlıq quşları gəlir.
Lakin 1996-cı ildən başlayan dayazlaşma nəticəsində sahil xətti geri çəkilib, qamışlıq və yulğunluq sahələri quruyaraq sıradan çıxıb. Bu hal quşların sığınacaq, yuvalama və qidalanma mühitini kəskin şəkildə daraldıb.
Mütəxəssis bildirib ki, Xəzərə 130-dan çox çay tökülsə də, daxil olan suyun həcminin azalması və havanın temperaturunun 1–1,5°C artması buxarlanmanı sürətləndirir. Bu proses təkcə quşlara deyil, həm də dənizdəki digər canlılara, xüsusilə Şimali Xəzərdə buz örtüyünün zəifləməsi səbəbindən endemik Xəzər suitilərinin balalamasına böyük təhdid yaradır.
Almaniya və Niderland alimlərinin tədqiqatlarına əsasən, 2100-cü ilədək Xəzərdə suyun səviyyəsinin 18 metrədək enməsi ehtimal olunur. Bu isə orta dərinliyi 5 metr olan Şimali Xəzərin tamamilə quruması riski deməkdir. Əbülfəz Tağıyev biomüxtəlifliyə dəyən zərərin azaldılması üçün vaxtında kompleks və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.





