Qanunsuz miqrantlar 2025-ci ildə Avropaya keçmək üçün qaçaqmalçılara 509 milyon dollar ödəyiblər

17

2025-ci ildə Avropaya gedən dəniz marşrutlarında qanunsuz miqrantlar tərəfindən qaçaqmalçılara təqribən 509 milyon dollar ödənilib.

Denizxeber.az bildirir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) hesabatında bildirilir.

Qeyd olunur ki, ən işlək qaçaqmalçılıq dəhlizi Mərkəzi Aralıq dənizi marşrutu olub; burada 100 min 400-ə qədər miqrant Avropa ölkələrinə keçməyə cəhd edib.

BMT-nin sorğusuna görə, Şimali Afrika və ya Türkiyədən İtaliyaya və ya Maltaya qaçaqmalçılıq yolu ilə keçməyə çalışan miqrantların təxminən yarısının hər biri 7.500 dollardan çox pul ödəyib. Digər marşrutlar bu işlək Mərkəzi Aralıq dənizi dəhlizindən daha ucuzdur. Belə ki, qaçaqmalçılar Şimal-Qərbi Afrika – Atlantik marşrutu üzrə nəqliyyat üçün adambaşına cəmi 170 dollar alıblar. Bu təhlükəli dəniz yolu insanların Afrikanın şimal-qərb sahillərindən İspaniyanın Kanar adalarına açıq qayıqlarla səyahət etdiyi marşrutdur.

Hesabatda 2025-ci ildə Avropaya gedən dörd əsas dəniz marşrutu boyunca təxminən 190.000-209.000 nəfərin qaçaqmalçılıq yolu ilə aparıldığı bildirilib. Ən intensiv qeyri-qanuni miqrasiya marşrutu Mərkəzi Aralıq dənizi (84 000 – 100 400 nəfər) olub. Sonrakı yerdə isə Türkiyə, Liviya və Yaxın Şərqdən Yunanıstan, Kipr və Bolqarıstana doğru uzanan Şərqi Aralıq dənizi marşrutu (48 400 – 51 300 nəfər) gəlir. Şimal-Qərbi Afrika-Atlantik marşrutu 33 000 nəfərlə üçüncü yerdə qərarlaşıb. Siyahını Şimali və Qərbi Afrikanı İspaniya ilə birləşdirən Qərbi Aralıq dənizi marşrutu (24 500 nəfər) tamamlayır.

BMT-nin məlumatına görə, Avropaya qeyri-qanuni yollarla keçmək üçün müvafiq ödənişlər edən insanların bir çoxu təyinat nöqtəsinə çata bilməyib. Belə ki, 2025-ci ildə dəniz marşrutları ilə yola düşənlərdən 3 404 nəfəri həyatını itirib və ya itkin düşüb. Daha 104 200 nəfər isə dənizdə saxlanılaraq geri qaytarılıb.

UNODC bildirir ki, cinayətkarlar bu əməlləri mənfəət əldə etmək məqsədilə törədirlər. Lakin qurum vurğulayır ki, dəniz yolu ilə qeyri-qanuni şəkildə ölkəyə daxil olmağa cəhd edən hər kəs mütləq şəkildə qeyri-qanuni miqrasiya şəbəkələrinin (qaçaqmalçılığın) iştirakçısı deyil.

BMT-nin hesablamalarına görə, 2025-ci ildə Mərkəzi Aralıq dənizi marşrutu ilə yola düşənlərin 72–86 faizi, Şimal-Qərbi Afrika-Atlantik marşrutu ilə gedənlərin isə 73–83 faizi qeyri-qanuni miqrasiya şəbəkələri vasitəsilə hərəkət edib. Qərbi Aralıq dənizi marşrutunda bu göstərici 57–90 faiz, Şərqi Aralıq dənizi marşrutunda isə 75–90 faiz arasında dəyişib.