Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

31

Cari ilin ilk doqquz ayında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) üzrə yükdaşımaların həcmi 30 faiz, Çindən Qərb istiqamətində konteyner daşımaları isə 64 faiz artıb. Artan tələbatı qarşılamaq məqsədilə Azərbaycan və Qazaxıstan Xəzər dənizində ticarət donanmalarının genişləndirilməsinə və liman infrastrukturunun modernləşdirilməsinə sərmayə yatırırlar.

Bu barədə Rumıniyanın “Financial Intelligence” nəşri məlumat yazıb.

Nəşr qeyd edir ki, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan Orta Dəhlizin beynəlxalq yükdaşımalar sistemində əhəmiyyəti getdikcə artır. Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına əsasən, son beş ildə dəhliz üzrə yükdaşımaların həcmi 800 min tondan 4,5 milyon tona yüksəlib.

Rumıniya nəşri Azərbaycanın gəmiqayırma sənayesinin dəhlizin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayır. Bildirilir ki, Bakı Gəmiqayırma Zavodunda Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşların iştirakı ilə dörd gəmi inşa edilir. Layihələrdən biri hər birinin tutumu 780 TEU olan iki konteyner gəmisinin, digəri isə Qazaxıstanın “KTZ Express Shipping” şirkəti üçün iki universal quru yük gəmisinin tikintisini nəzərdə tutur.

Məqalədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) imkanlarına da diqqət yetirilir. Bildirilir ki, şirkətin ticarət donanmasında 56 gəmi, o cümlədən 23 tanker, 13 bərə, 16 quru yük gəmisi, iki Ro-Ro və iki Ro-Pax tipli gəmi fəaliyyət göstərir. Ötən il ASCO gəmiləri ilə təxminən 9,1 milyon ton yük daşınıb, quru yük daşımaları 45 faizdən, konteyner daşımaları isə 203 faizdən çox artıb.

Bununla yanaşı, məqalədə Xəzər dənizinin səviyyəsinin azalmasının gəmiçilik və limanların fəaliyyəti üçün çətinliklər yaratdığı, Qazaxıstanın bu problemin təsirini azaltmaq məqsədilə Aktau limanında dərinləşdirmə işlərinə başladığı qeyd olunur. Azərbaycanlı nəqliyyat eksperti Rauf Ağamirzəyev isə bildirib ki, Orta Dəhlizin inkişafı üçün təkcə yeni gəmilərin alınması deyil, mövcud donanmanın yenilənməsi və limanların modernləşdirilməsi də vacibdir.