Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) məlumatına görə, iqlim dəyişikliyi səbəbindən dünyanın demək olar ki, bütün dayaz su mərcan rifləri növbəti 50 il ərzində yoxolma riski ilə üzləşəcək. IUCN bu sahədə ilk dəfə hazırladığı hesabatında planetin mərcan rif sistemlərinin 96 faizini ən yüksək risk kateqoriyası olan “yoxolma təhlükəsi ilə üzləşən” qrupuna daxil edib. Mərcanların yüksək temperaturlara həssas olması və insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişmələrinin dünya okeanlarını istiləşdirməsi ağarma və dağılma proseslərini sürətləndirir.
Təhlil 188.362 kvadratkilometr ərazini əhatə edən 127 tropik və subtropik mərcan sistemini əhatə edib. Risk altında olanlar arasında Avstraliyadakı Böyük Sədd Rifi, Cənub-Şərqi Asiya və Qərbi Sakit okeandakı Mərcan üçbucağı, Karib dənizindəki Mezoamerikan Sədd Rifi və Qırmızı dənizin mərcan rifləri də yer alır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, əsas sərt mərcanların məhv olması dəniz ekosistemlərinin sıradan çıxmasına səbəb ola bilər.





