Yeni tədris ilində Elmi Şuranın ilk iclası – FOTO

14

Oktyabrın 20-də “ADDA” PHŞ-nin Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib.

Denizxeber.az ADDA-a istinadən bildirir ki, iclasda 2026/2027-ci tədris ili üzrə qəbulun nəticələri müzakirə olunub. Növbəti tədris ili üçün tələbə qəbulu proqnozunun əmək bazarının tələblərinə uyğun hazırlanması, əcnəbi tələbələrin sayının artırılması və “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə ingiliscə tədris olunan bölmənin açılması ilə bağlı araşdırmaların aparılması tapşırılıb.

Həmçinin Akademiyada Rəqəmsal Transformasiya Strategiyası və “Elektron Akademiya” sisteminin tətbiqi üzrə hazırlanan normativ-hüquqi, təşkilati və metodiki sənədlər paketi müzakirə edilib. Son dövrdə həyata keçirilən kadr dəyişiklikləri nəzərə alınaraq Rəqəmsallaşma strategiyasının hazırlanması üzrə İşçi qrupunun tərkibi yenidən təsdiqlənib və fəaliyyət müddəti uzadılıb.

Elmi Şurada Akademiyada açılması planlaşdırılan yeni ixtisaslar – “Beynəlxalq ticarət və logistika”, “Menecment” (Su nəqliyyatı üzrə), “Ekologiya” (Su hövzələri üzrə) və “Dizayn” (Su nəqliyyatı üzrə) ixtisasları üzrə aparılan hazırlıq işləri də müzakirə olunub. Tədris-metodiki məsələlər çərçivəsində professor-müəllim heyətinin hazırladıqları yeni dərs vəsaitləri çapa tövsiyə edilib və Akademiyanın “Elmi əsərlər” jurnalının adı dəyişdirilərək “Xəzər Dəniz Elmləri və Mühəndisliyi Jurnalı” kimi təsdiq edilib.

Müzakirələrin yekununda tələbələrin dərsə davamiyyət limitinin tənzimlənməsi məsələsinə baxılıb. Elmi Şuranın əvvəlki qərarları ilə müəyyən edilmiş 15%-lik davamiyyət məhdudiyyəti ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 348 nömrəli Qərarına uyğunlaşdırılıb. Qərara əsasən, 2026/2027-ci tədris ilinin yaz semestrindən etibarən  təhsilin bütün pillələrində fənnə ayrılmış auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələrin imtahana buraxılmaması qaydasının tətbiq edilməsi və bu barədə müvafiq tənzimləmə işlərinin aparılması qərara alınıb.