Əlcəzair geoloji kəşfiyyat üçün 7 bloku özündə birləşdirən “Algeria Bid Round 2026” beynəlxalq tenderində iştirak etmək üçün Azərbaycanın neft-qaz şirkətlərinə dəvət göndərib.
Denizxeber.az Əlcəzairin Karbohidrogenlər Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar Moskvada Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 28-ci nazirlər görüşü çərçivəsində Əlcəzairin dövlət naziri, karbohidrogenlər qurumunun rəhbəri Məhəmməd Arkabın Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşü zamanı baş tutub.
Danışıqların iştirakçıları karbohidrogen sektorunda Əlcəzair və Azərbaycan arasındakı ikitərəfli əlaqələrin hazırkı səviyyəsini təhlil edib və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.
“Tərəflər, həmçinin neft-qaz sahəsində, xüsusən də quyu xidmətləri, yataqların mənimsənilməsi, karbohidrogen xammalının nəqli, neft emalı və neft-kimya, eləcə də neft-qaz sektoru ilə bağlı digər fəaliyyət istiqamətləri üzrə qarşılıqlı əlaqələrin inkişafının perspektivli istiqamətlərini nəzərdən keçiriblər. Bu kontekstdə hər iki ölkənin müəssisələri, ilk növbədə “Sonatrach” konserni və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında karbohidrogen sənayesində dəyər zəncirinin bütün həlqələrində investisiya imkanları və tərəfdaşlıq perspektivləri təhlil edilib”, – nazirliyin məlumatında qeyd olunub.
Bundan əlavə, tərəflər diqqəti neft-qaz sənayesinin müxtəlif sektorlarında məhsuldarlığın və fəaliyyətin səmərəliliyinin artmasına xidmət edəcək praktik təcrübə, texniki və texnoloji səriştə mübadiləsinin intensivləşdirilməsinin, eləcə də peşəkar hazırlıq və kadr potensialının artırılması sahəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətinə yönəldiblər.
Bununla yanaşı, neft-qaz sahəsində qarşılıqlı əlaqələrə dair Anlaşma Memorandumu çərçivəsində təsis edilmiş Birgə İşçi Qrupun 2026-cı ilin noyabrında Bakıda ilk iclasının təşkili, eləcə də Ticari-iqtisadi və elmi-texniki tərəfdaşlıq üzrə Birgə Komissiyanın 2027-ci ilin birinci yarımilliyində iclasının keçirilməsi məsələləri müzakirə edilib. Tərəflər texniki bilik və peşəkar ekspertiza mübadiləsinin artırılmasının, həmçinin mütəxəssis hazırlığı və səriştələrin formalaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıblar. Güman edilir ki, bu addımlar neft-qaz sektorunun müxtəlif seqmentlərində istehsal güclərinin artırılmasına və səmərəliliyin yüksəlməsinə kömək edəcək.
Bundan başqa, tərəflər qlobal karbohidrogen bazarlarındakı cari vəziyyətə və onların sabitliyi ilə enerji təhlükəsizliyinə olan əsas təhdidlərə dair qiymətləndirmə mübadiləsi aparıblar. Bu xüsusda, bazar tarazlığını qorumaq və çoxtərəfli dialoqu möhkəmləndirmək məqsədilə həm “OPEC+” formatı çərçivəsində, həm də Qaz İxrac Edən Ölkələr Forumu platformasında sistemli məsləhətləşmələrin davam etdirilməsinin və mövqelərin uzlaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd edək ki, “Algeria Bid Round 2026” Əlcəzair tarixində karbohidrogen yataqlarının mənimsənilməsi üzrə ikinci tenderdir. Cari raund çərçivəsində təqdim olunan bloklar əsasən ölkənin şərq və mərkəzi hissələrindəki hövzələrdə yerləşir. Onlardan altısı hasilatın pay bölgüsü haqqında saziş (HPBS), biri isə iştirak sazişi şərtləri əsasında təklif olunur.





