FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirib – FOTO

63

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.

Denizxeber.az bildirir ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirlər Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində, Şəmkir su anbarının Şəmkir rayonu sahilinə düşən hissəsində, Şabran rayonunun Hacıqaraqaşlı və Neftçala rayonunun Mikayıllı kəndlərində, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində təşkil edilib.

Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə, o cümlədən balıq və digər su bioresurslarının sənaye ovunu həyata keçirən balıqçılıq subyektlərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, sözügedən su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün müvafiq vəsiqələrin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.