Silivri sahillərindəki faciədə həyatını itirmişdi: Kapitan İzmir şəhərində son mənzilə yola salındı

51

Silivri sahillərində “Alsu” adlı gəmi ilə toqquşduqdan sonra batan “Tuğberk İmamoğlu” gəmisinin ikinci kapitanı Rahmi Temel İzmirdə hərbi mərasimlə son mənzilə yola salınıb.

Denizxeber.az bildirir ki, sentyabrın 2-də Silivri sahillərində “Alsu” adlı gəmi ilə toqquşan “Tuğberk İmamoğlu” gəmisi batıb. Gəmidə olan 9 ekipaj üzvünün axtarışları davam edərkən, oktyabrın 29-da bir kişinin meyiti aşkarlanıb. Məhkəmə-Tibbi Ekspertiza İnstitutunda aparılan araşdırmalar nəticəsində meyitin gəminin ikinci kapitanı, istefada olan baş çavuş, dəniz astsubayı Rahmi Temelə məxsus olduğu müəyyən edilib.

Ailəsi tərəfindən təhvil alınan Rahmi Temelin cənazəsi İzmirdə gətirilib. Onunla vida mərasimi bu gün günorta saatlarında İzmirin Karşıyaka rayonundakı Hacı Mustafa Beşikçioğlu məscidində hərbi mərasimlə keçirilib.

Mərasimdə Rahmi Temelin həyat yoldaşı Semra (61), qızları Merve (34) və Aslı (31), oğlu Remzi Temel, yaxınları və şəhər sakinləri iştirak ediblər. Cənazə namazından sonra Türkiyə bayrağına bükülmüş tabut mərasim bölüyü tərəfindən cənazə avtomobilinə aparılıb. Rahmi Temel Örnekköy qəbiristanlığında dəfn edilib.

“BU, ÜRƏYİMİZİ ÇOX AĞRIDIR”

Merve Temel atasının astsubay kimi təqaüdə çıxdıqdan sonra da dənizdən ayrıla bilmədiyini bildirib:

“Atam bizi oxutduqdan sonra bir müddət işləməyə fasilə vermişdi. Ara-sıra dənizə çıxırdı. Son il yarım ərzində artıq dənizə getməyəcəyini deyirdi. Lakin onu dənizdən ayıra bilmədik. Hətta bir bərəyə minəndə belə dərhal mühərrikləri və kapitanları izləyirdi. Üzməyi çox sevirdi. Onunla saatlarla üzərdik. Biz ona, o da bizə çox bağlı idi. Hər şeyi birlikdə edərdik. Dəniz sevgisini bizə o aşıladı. Amma indi dəniz onu bizdən aldı.

O, bu şirkətdə işləməyə cəmi bir həftə əvvəl başlamışdı. Bu, onun ilk səfəri idi. Atamızı çox sevirdik. Onu belə adi bir qəza nəticəsində itirmək ürəyimizi çox ağrıdır”.

“AĞRIMIZ HEÇ VAXT DİNMƏYƏCƏK”

Merve Temel sözlərinə belə davam edib:

“Sentyabrın 5-də gəminin qalıqlarının yeri 720 metr dərinlikdə müəyyən edildi. Səlahiyyətli şəxslər qəza nəticəsində həlak olanların cəsədlərinin qalıqlarını çıxarmağın mümkün olmadığını bildirmişdilər. Belə bir texnologiyanın mövcud olduğunu bilirdik və buna görə israr etdik. Atama çatmaq üçün iki aydır mübarizə aparırıq. Nəhayət, atamın cənazəsini 720 metr dərinlikdən çıxardılar. Onu bizə qaytardıqları üçün təşəkkür edirik.

İnşallah, digər dənizçilərimizi də tapa biləcəyik. Bizim ürəyimizə bir qədər su səpildi, lakin digər dənizçilər tapılana qədər bu prosesi izləməyə davam edəcəyik. Təkid etməkdən vaz keçməyəcəyik. Xahiş edirik, onların hamısını sudan çıxarın. Çünki bu qəza çox ağır faciədir.

Bu yaşlı gəmilərin belə yüklə dənizə çıxmasının qarşısını almaq artıq bizim vəzifəmizdir. Bu qəza gəminin marşrutunu keçmək istəyən təcrübəsiz kapitanın səhvi ucbatından baş verib. Gəminin su qəbul etmə qabiliyyəti olmadığından o, cəmi üç dəqiqə ərzində batıb. Ağrımız heç vaxt dinməyəcək. Bizə bunu yaşadanların cəzalandırılması üçün əlimizdən gələni edəcəyik. Toqquşmaya səbəb olan kapitanın və dəniz hərəkətini düzgün tənzimləyə bilməyən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edəcəyik”.

“Axtarış-xilasetmə işlərinin davam etdirilməsini istəyirik”

Dənizdə Həyatını İtirənlərin Ailələri Platformasının adından çıxış edən Recep Yılmaz isə bildirib:

“Silivri sahillərində yaxınlarını itirən 10 ailədən birinin üzvüyəm. 59 gündən sonra ikinci kapitanımız Rahmi Temelin cənazəsinə çata bildik. Səlahiyyətli qurumlardan digər səkkiz ailənin də yaxınlarının məzarının olması üçün işlərin davam etdirilməsini istəyirik. Cənazələrin ailələrinə təhvil verilməsini tələb edirik.

Bu gün bir mənada sevincliyik. Çünki yaxınlarımızdan birinin cənazəsinə çatdıq, onun artıq məzarı var. Ailəsi gedib həmin məzara toxuna, onu ziyarət edə biləcək. Ailəsinə başsağlığı verir, səbir diləyirəm”.