31 oktyabr 2026-cı il tarixində Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının təşkilatçılığı ilə həyata keçirilən “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramının yekun mərhələsi – “Demo Day” tədbiri keçirilib.
Denizxeber.az bildirir ki, “TEI Forum 2026” çərçivəsində “Sabah.City” innovasiya məkanında təşkil olunan tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nümayəndə heyəti, eləcə də beynəlxalq proqramda iştirak etmiş tələbə startap komandalarının nümayəndələri iştirak ediblər.
Beş qitəni əhatə edən proqram çərçivəsində müxtəlif ölkələrdən seçilmiş 233 startap komandası beynəlxalq ekspert və mentorların iştirakı ilə üç ay davam edən təlim və mentorluq proqramına cəlb olunub. Təlim mərhələsinin yekununda 70 startap komandası finala yüksələrək innovativ layihələrini və minimum işlək məhsullarını investorlar, sahibkarlar və innovasiya ekosisteminin nümayəndələri qarşısında təqdim etmək imkanı qazanıb.
ADDA-nın 5 tələbəsinin müəllifi olduğu 4 innovativ layihə də “Startup School 4” proqramının seçim mərhələsini uğurla keçərək beynəlxalq təlimlərdə iştirak edib.
Proqram müddətində ADDA tələbələri innovativ ideyaların inkişaf etdirilməsi, biznes modellərinin formalaşdırılması, rəqəmsal texnologiyalar, layihələrin kommersiyalaşdırılması, investisiyaya hazırlıq və startapların beynəlxalq bazarlara çıxış imkanları istiqamətində bilik və praktiki bacarıqlar əldə ediblər.
Akademiya tələbələrinin belə beynəlxalq proqramlarda iştirakı onların innovativ düşüncə, texnoloji sahibkarlıq və layihə idarəetməsi bacarıqlarının inkişafına, eləcə də ADDA-da innovasiya və startap mühitinin gücləndirilməsinə xidmət edir.







