Avropada qazın qiyməti kəskin artıb: Sinoptiklərin proqnozu və geosiyasi amillər bazarlara təsir göstərir

31

Bu gün sinoptiklər Avropada havanın kəskin soyması haqqında proqnoz verdikdən sonra Niderland qaz habında (TTF) qiymətlər birdən-birən 8,6 faiz artıb. Almaniya, Danimarka və Niderlandda havanın temperaturu 8 dərəcə aşağı düşəcək ki, bu da həm mənzillərdə həm də müəssisələrdə qaza olan tələbatı artıracaq.

Denizxeber.az bildirir ki, hazırda Avropada qazın 1 meqavat-saatı (1 MVt) 96 avroya satılır. Qiymət artımının səbəbi bir tərəfdən hava ilə digər tərəfdən isə Avropa dövlətlərindəki qaz anbarlarının hələ ki, 50 faizdən bir qədər çox dolu olması ilə əlaqədardır.

Digər bir səbəb isə məlum olduğu kimi Yaxın Şərqdə davam edən gərgin geosiyasi vəziyyət və bunun nəticəsində Qətərin Avropaya maye qaz (LNG) ixrac edə bilməməsidir. Hörmüz boğazının bağlı qalması neftlə bərabər maye qazın da ixracını çətinləşdirib. Bu ayın əvvəlində ABŞ ilə İran nümayəndələri arasında keçirilən görüş ərəfəsində qazın qiyməti nisbətən sabit qalmışdı. Lakin görüşün nəticəsiz qalması qiymətlərin artması üçün əlavə təkan verdi.

Avropanın Rusiyadan təbii qaz almaqdan imtina etməsi, Norveçin də boru kəmərlərində yaranan problem ilə əlaqədar qaz ixracını azaltması təchizatda əlavə problemlər yaradıb.

Nəzərə almaq lazımdır ki, boru kəməri ilə alınan qazın LNG ilə əvəzlənməsi həmişə eyni qiymətə başa gəlmir. LNG-nin mayeləşdirilməsi, daşınması və yenidən qazlaşdırılaraq istehlakçıya çatdırılması əlavə xərclər yaradır ki, bu da öz növbəsində qiymətlərə təsir göstərir.

Avropada qazın bahalaşması Azərbaycan üçün həm iqtisadi imkanlar, həm də siyasi dividendlər qazandırır. Azərbaycan üçün əsas məsələ yüksək qiymətlərdən qısamüddətli gəlir əldə etməklə yanaşı, Avropa bazarında uzunmüddətli və etibarlı təchizatçı mövqeyini möhkəmləndirməkdir. Bunlarla yanaşı, Azərbaycanın iqtisadi inkişafı üçün təkan verə biləcək addımlar da Avropa tərəfindən atılacaq.