“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 25 Noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və qlobal “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində maarifləndirici tədbir təşkil olunub.
Denizxeber.az bildirir ki, tədbirdə çıxış edən ASCO-nun Dayanıqlılıq və emissiyaların idarə edilməsi üzrə direktorunun Gender məsələləri və xüsusi həssas qruplarla iş üzrə müavini Bəhriyyə Həsənova-Qasımova bildirib ki, ASCO gender bərabərliyinin təşviqinə xüsusi önəm verir. O, qadın əməkdaşların hüquqlarının qorunması, peşəkar inkişafı və təhlükəsiz iş şəraiti ilə təmin olunmasının daim diqqətdə saxlanıldığını vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə və Qadın və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova çıxışlarında məişət və gender əsaslı zorakılığın qarşısının alınmasında hüquqi maarifləndirmənin və ictimai dəstəyin əhəmiyyətini diqqətə çatdırıblar.
Tədbir çərçivəsində Azərbaycanda məişət zorakılığı ilə bağlı statistika təqdim edilib, zorakılığın fiziki, psixoloji və iqtisadi formalarının fərdlərə və cəmiyyətə təsirindən danışılıb. Həmçinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun əsas tələbləri, mühafizə orderlərinin verilməsi qaydası, zorakılığa məruz qalan şəxslərin müraciət edə biləcəyi dövlət sığınacaqları və qaynar xətlər barədə ətraflı məlumat verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.














