Bakıda tıxaca çarə kimi dəniz nəqliyyatından və su taksilərindən istifadə müzakirə olunur

68

Bakıda avtomobillərin artması və tıxacın gündəlik problemə çevrilməsi alternativ nəqliyyat vasitələrindən istifadə məsələsini yenidən gündəmə gətirir. Bu baxımdan, Xəzər dənizinin imkanlarından yararlanaraq sərnişinlərin bir sahildən digərinə daşınmasını təmin edən bərə və ya su taksisi sisteminin yaradılması müzakirə oluna bilər. XX əsrin əvvəllərində və sovet dövründə Bakı buxtasında fəaliyyət göstərən kiçik sərnişin katerləri və dəniz tramvayları da bu ideyanın şəhər üçün tamamilə yeni olmadığını göstərir. Digər tərəfdən, beynəlxalq təcrübə də bu nəqliyyat vasitəsinin mümkünlüyünü istisna etmir.

Bəs müasir dövrdə Bakıda dəniz nəqliyyatını ictimai nəqliyyat sisteminə inteqrasiya etmək mümkündürmü? Belə bir layihə tıxacların azalmasına nə dərəcədə təsir göstərə bilər və hansı istiqamətlərdə tətbiqi daha məqsədəuyğun olardı?

Denizxeber.az bildirir ki, mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib ki, bunun üçün ilk növbədə sərnişin axını öyrənilməlidir:

“Bakıdan Salyana, Neftçalaya, Lənkərana, Astaraya sərnişin gəmilərinin hərəkəti mümkün ola bilər. Çünki o istiqamətə gedənlər çoxdur. Amma Bakının bir nöqtəsindən digərinə sərnişin axını öyrənilməlidir. Buna nə dərəcədə tələbat var? Tutaq ki, Bayıldan Zığ tərəfə gəmilər hərəkət edir. Bu zaman bilmək lazımdır ki, bu istiqamətdə nə qədər insan hərəkət edir. Tutaq ki, Bayıldan Zığa gedənlər məhz həmin o nöqtədən digər nöqtəyə hərəkət etmirlər, yaxınlıqdakı başqa bir yerə gedirlər. Belə çıxır ki, o, üç dəfə nəqliyyat vasitəsi dəyişməlidir – Bayıldakı dəniz gəmiləri stansiyasına və Zığdakı dəniz gəmiləri stansiyasından başqa yerə”.

“Bu baxımdan, sərnişin axını, onların hərəkəti Bakı daxilində dəqiq öyrənildikdən sonra bu variantdan istifadə edilə bilər. Ancaq bu, Bakıdan sadaladığım şəhərlərə mümkün ola bilər, hər halda bu istiqamətdə işləmək pis olmazdı”, – deyə deputat vurğulayıb.

Nəqliyyat eksperti Aslan Əsədov isə Oxu.Az-a bildirib ki, müxtəlif ölkələrdə bununla bağlı işlər görülür, müəyyən proqramlar həyata keçirilir:

“Layihələrdən effektli olanlar da, olmayanlar da var. Əsas effektlivlik ondan ibarətdir ki, iki yaşayış məntəqəsini, yəni iki sahil xəttini birləşdirən su taksiləri sərnişindaşımada nəticə verir. Amma sahildən təxminən 3, 5, 10 km məsafəyə getmək artıq dəniz turu, gəzintidir. Dəniz turunda isə insana vaxta qənaət yox, daha çox vaxt keçirmək lazımdır. Buna görə də bu, gəlirli sahə ola bilər”.

Ekspert qeyd edib ki, gəmiyə minməklə ünvana tez çatmaq kimi bir qayda yoxdur:

“Burada hərəkətin intensivliyini təyin edəcək konsepsiya olmalıdır. Əgər bu konsepsiya özünü doğrultmayacaqsa, təbii ki, səmərəsi də olmayacaq”.