Altı həftə saxlanıldıqdan və 1 milyon dollar cərimə ödədikdən sonra “DF Peak” tankeri Fransanın Hind okeanındakı Reyunyon adasını tərk etmək üçün icazə alıb.
Denizxeber.az xarici mediaya istinadla xəbər verir ki, tanker sentyabr ayında Karib dənizində hərəkət edərkən, Ümid burnunu keçdikdən sonra Reyunyon adasının təxminən 450 dəniz mili cənubunda Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb.
Yoxlama zamanı gəminin Benin bayrağı altında üzdüyü bildirilsə də, onun etibarlı bayraq dövlətinin qeydiyyatına malik olmadığı müəyyən edilib. Tankerin Çin vətəndaşı olan kapitanı gəminin bayraq dövlətinə mənsubiyyətini təsdiq edən sənədləri təqdim edə bilmədiyinə görə saxlanılıb.
Altı həftə sonra gəmi sahibi məhz həmin sənəd çatışmazlığında təqsirli bilinərək 1 milyon dollar cərimələnib. Cərimə ödənildikdən və yeni bayraq qeydiyyatının alınması istiqamətində tədbirlərə başlanıldıqdan sonra tankerin yola düşməsinə icazə verilib. Kapitanın hüquqi vəziyyəti barədə isə məlumat açıqlanmayıb.
Bildirilir ki, 2006-cı ildə inşa edilən “DF Peak” əvvəllər Rusiyanın dövlətə məxsus “Sovkomflot” şirkətinin donanmasında fəaliyyət göstərib. Gəmi 2024-cü ildə Rusiya neft ticarətində iştirakına görə ABŞ tərəfindən sanksiyalara məruz qalıb. Daha sonra Avropa İttifaqı, İsveçrə, Kanada, Böyük Britaniya və Ukrayna da ona qarşı sanksiyalar tətbiq edib. Hazırda tanker Honkonqda yerləşən şirkətlərə məxsusdur və onlar tərəfindən idarə olunur.





