Çin tanker donanmasında süni intellektin sınaqları yanlış həyəcan siqnallarını 79 faizdən 15 faizə endirib

10

Çinin “China Merchants Nanjing Tanker” şirkətinin gəmilərində süni intellektə əsaslanan sistemin yeddi aylıq sınaqları yanlış həyəcan siqnallarının sayını əhəmiyyətli dərəcədə azaldıb. Sınaqlar nəticəsində belə siqnalların göstəricisi 79 faizdən 15 faizə düşüb, mümkün avadanlıq nasazlıqlarını isə üç gün əvvəldən müəyyən etmək mümkün olub.

Denizxeber.az bildirir ki, sınaqlar zamanı 59 avadanlıq monitorinq nöqtəsi üzrə göstəricilər fasiləsiz təhlil edilib. Sistem anormal iş rejimini aşkar etdikdə əlaqəli avadanlıqların göstəricilərini texniki çertyojlar və təlimatlarla müqayisə edərək baş mexanikə yoxlama prioritetləri barədə tövsiyələr verib. Sahildəki donanma menecerləri də avadanlıqların vəziyyəti və planlaşdırılan texniki xidmət barədə məlumat əldə edə biliblər.

Sınaqlarda istifadə olunan “Wenyao” süni intellekt modeli 21 elmi, kommersiya və tədqiqat təşkilatının iştirakı ilə, Xiamen Texnologiya Universiteti, Harbin Mühəndislik Universiteti və “Zhongshu Wenyao” süni intellekt və texnologiya şirkətinin rəhbərliyi altında hazırlanıb.

Dənizçilik sahəsi üçün xüsusi olaraq yaradılmış model mühəndislik çertyojlarını, gəmilərin avtomatik identifikasiya sistemi (AIS) məlumatlarını və mexanizmlərin göstəricilərini eyni vaxtda təhlil edə bilir. Onun gələcəkdə gəmi layihələndirilməsi, rəqəmsal əkizlər və avadanlıqların avtonom yoxlanılması sahələrində də tətbiqi nəzərdə tutulur.