Bu gün Azərbaycanda Hərbi Donanma Günü qeyd olunur

1181

 Bu gün ölkəmizdə Azərbaycan Respublikasının Hərbi Donanması Günü kimi qeyd olunur.

SalamNews xəbər verir ki, 1918-ci ildə yaradılan ilk Azərbaycanın hərbi dəniz donanmasının tərkibində “Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisi var idi. Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı donanması adlandırılmış və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilmişdir.

1992-ci ildə keçmiş SSRİ-nin Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanmasının bir hissəsi Azərbaycana verilmiş və o vaxtdan Azərbaycan milli hərbi dəniz qüvvələrinin yeni tarixi başlanıb.

Bu sahədə peşəkar milli kadrların müstəqil Azərbaycana gətirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndərin müdrik rəhbərliyi sayəsində ölkəmizdə ordu quruculuğu sahəsində mühüm işlər görülüb, tədbirlər həyata keçirilib.

İndi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi (AAHDM) həyata keçirir. Dənizçi zabitlərin ixtisaslarının artırılması məqsədi ilə AAHDM-nin nəzdində xüsusi kurslar fəaliyyət göstərir.

Azərbaycanın hərbi donanması 2000-ci ildən geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir. Azərbaycanın hərbi donanması ən müasir hərbi texnika ilə təchiz edilib. 

Bu gün Xəzər dənizində ən qüdrətli donanmalardan biri sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin maddi-texniki bazası gündən-günə möhkəmlənir.

Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, o cümlədən hərbi dəniz donanmasının daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülür. Bunun nəticəsidir ki, qüdrətlənən Azərbaycan Ordusu ölkəmizə qarşı yönələn istənilən həmlələri dəf etməyə, torpaqlarımızı erməni tapdağından azad etməyə qadirdir.