Azərbaycanda məşəldə yandırılan qazın həcmi iki dəfə azaldılıb

986

Bakı. 1 oktyabr. REPORT.AZ/ 2015-ci ildə “BP Azerbaijan” və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı məşəldə yandırılan qazın 4%-dən 2%-ə enməsi ilə nəticələnib.

“Report” xəbər verir ki, bu barədə “BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2015” sənədində qeyd olunub.

Ötən il məşəldə yandırılan qazın həcmi iki dəfə azaldılaraq 203,65 min tona endirilib. Bu göstərici 2014-cü ildə isə 413,1 min ton olub.

“2015-ci ildə obyektlərimizdə qazın məşəldə yandırılmasında əsaslı azalmaya nail olduq. Bu azalmaya başlıca səbəb “Qərbi Çıraq” platformasının istismara verilməsinin tamamlanması olub”,- deyə hesabatda qeyd edilib.

Hesabata əsasən, 2015-ci ildə havaya təxminən 3,4 mln. ton istixana qazı buraxılıb ki, bu da 2014-cü ildəki göstərici ilə müqayisədə 16,4% azdır:

“Azalmanın başlıca səbəbi “Çıraq-1” və “Qərbi Çıraq” platformalarında qazın məşəldə yandırılmasının azaldılması olub. İstixana qazının yaranmasında ən çox “Mərkəzi Azəri” platformasının (22%), Səngəçal terminalının AÇG hissəsinin (21%) və “Dərinsulu Günəşli” platformasının (19%) payı var”.