KORRUPSİYAYA QARŞI MÜBARİZƏ MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR

1324

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı

Dövlət Dəniz Administrasiyasında cari ilin oktyabr ayının 3-də “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi məqsədilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Administrasiyanın rəhbərliyi, Administrasiyada çalışan dövlət qulluqçuları, həmçinin dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin nümayəndələri iştirak etmişlər.
Açılış nitqi ilə Administrasiyanın rəis müavini Şahlar Məmmədov çıxış edərək qeyd etmişdir ki, son illər ərzində ölkəmizdə korrupsiyanın qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən bir çox işlər görülmüş və görülən bu işlərin məntiqi nəticəsi olaraq korrupsiya ilə əlaqədar hüquqpozma hallarının azalması müşahidə olunmuşdur.Şahlar Məmmədov korrupsiyaya qarşı mübarizədə Ulu Öndər Heydər Əliyevin fəaliyyət dövrlərindən danışaraq bildirmişdir ki, Ulu Öndər fəaliyyətinin bütün dövrlərində korrupsiyaya və rüşvətə qarşı ardıcıl mübarizə aparmış, bu problemin aradan qaldırılması məqsədilə 2000-ci ildə «Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi haqqında» Fərman imzalamışdır. Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun və müvafiq Dövlət Proqramının hazırlanması üçün işçi qruplarının yaradılması tapşırılmışdır. Məhz bu tapşırıqdan irəli gələrək 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra korrupsiyaya qarşı mübarizəni öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmiş və korrupsiyaya qarşı mübarizəni daha da gücləndirmişdir.
adda-corp2Belə ki, Dövlət başçısının «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 2004-cü il 3 mart tarixli 114 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya Cinayətləri üzrə İxtisaslaşmış Dövlət Antikorrupsiya Orqanı — Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, həmçinin “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 3 may 2005-ci il tarixli 906-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə korrupsiyanın qarşısını alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yaradılmışdır.
Daha sonra Administrasiyanın Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Məmmədov çıxış edərək “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin korrupsiya hüquqpozmaları ilə əlaqədar normaları barədə danışmış, tədbir iştirakçılarını adıçəkilən normativ hüquqi aktların müddəaları barədə məlumatlandırmışdır.
Belə ki, F.Məmmədov korrupsiya ilə əlaqədar hüquqpozmalar, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin, həmçinin fiziki və ya hüquqi şəxslərin məsuliyyəti haqqında geniş məlumat vermiş, korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsinin intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaratması barədə tədbir iştirakçılarını xəbərdar etmişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.