Azərbaycan Prezidenti: “Cənub Qaz Dəhlizi layihəsinə daha bir neçə ölkə qoşula bilər”

990

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Bu gün “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Azərbaycan və Türkiyə bu layihənin icrasında liderlik keyfiyyətlərini göstərirlər və bu, enerji təhlükəsizliyi üçün çox önəmli bir layihədir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında deyib.

Dövlət başçısı deyib ki, Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir: “Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır. Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır. Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır”.

“Biz bir çox önəmli enerji layihələrimizi Türkiyə ilə bərabər icra edirik və bu enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır. Onu qeyd etməliyəm ki, dünyanın neft tarixi Bakıdan başlayır. XIX əsrin ortalarında dünyada ilk dəfə olaraq Bakıda sənaye üsulu ilə ilk neft çıxarıldı. Ondan yüz il sonra ilk dəfə dənizdə neft Azərbaycan neftçiləri tərəfindən çıxarılıb. Müstəqilliyimizin ilk illərində Azərbaycan ilk dəfə olaraq xarici neft şirkətlərini Xəzər dənizinə dəvət edib, “Əsrin kontraktı” imzalanıb, “Azəri-Çıraq-Günəşli” neft yataqları işə düşüb. Bu yataqlar dünya miqyasında ən böyük neft qaynaqlarından biridir və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafı başlayıb. Biz bu ay müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd edəcəyik. Bizim müstəqil ölkəmizin inkişafında enerji sektoru xüsusi rol oynayıb”, – deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan açıq dənizlə dünya bazarlarına çıxışı olmayan ölkələrdən biridir: “Buna görə mütləq boru xətləri çəkilməli idi. Bu gün bizim xam nefti dünya bazarlarına çıxarmaq üçün üç boru xəttimiz var – ikisi bizim neftimizi Qara dənizə, biri isə Aralıq dənizinə – Ceyhan limanına gətirir. İlk dəfə olaraq tarixdə biz Xəzər dənizini Aralıq dənizi ilə bağladıq və bu gün Azərbaycan nefti həm Türkiyəyə, Türkiyə ərazisindən isə dünya bazarlarına ixrac edilir. Bu, bizə çox böyük xeyir gətirir. Bakı-Tbilisi-Ceyhan boru xəttini əziz qardaşım, hörmətli Prezident Ərdoğanla birlikdə 2006-cı ildə açdığımız andan bu günə qədər ötən 10 il ərzində Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində və digər sahələrdə əlaqələr daha da möhkəmlənib. 2007-ci ildən sonra isə Azərbaycan tarixdə ilk dəfə olaraq təbii qazı ixrac etməyə başlayıb. Bakını Ərzurumla birləşdirən boru xətti çəkildi və beləliklə, biz Türkiyəyə təbii qazın ixracına başladıq”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir: Dünyanın ən böyük qaz yataqlarından biri – “Şahdəniz” Azərbaycanda yerləşir. Bütün bunları nəzərə alaraq mütləq böyük qaz xətti çəkilməli idi və müxtəlif şirkətlər, müxtəlif ölkələr bu istiqamətdə öz səylərini göstərirdilər. Ancaq bu səylərin heç bir nəticəsi olmayıb. Yenə də Türkiyə ilə Azərbaycan bu istiqamətdə də öz liderliyini göstərdi və 2012-ci ildə bu gözəl İstanbul şəhərimizdə əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP anlaşması imzalanıb. TANAP anlaşması tarixi bir anlaşmadır. Bu, digər önəmli layihələrə təkan verdi. TANAP layihəsi “Cənub” qaz dəhlizinin tərkib hissəsidir. “Cənub” qaz dəhlizi bu gün dünya miqyasında ən böyük enerji layihələrindən biridir. “Cənub” qaz dəhlizinin sərmayə tutumu 45 milyard dollardır və dörd önəmli layihədən ibarətdir. Birincisi, TANAP-dır ki, bizim qazı Gürcüstan-Türkiyə-Yunanıstan sərhədinə çatdırır. Digəri Cənubi Qafqaz qaz kəməridir ki, Azərbaycan qazını Türkiyə sərhədinə gətirir. Üçüncüsü, Trans-Adriatik kəməridir və nəhayət dördüncüsü, “Şahdəniz” qaz yatağının ikinci fazasının işlənməsidir”.

Dövlət başçısı əlavə edib ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir: “Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii qaynaqlarla zəngin olmayan ölkələr isə çalışırlar ki, onlara resurslar müxtəlif yerlərdən gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atıb və həm nefti, həm qazı şaxələndirilmiş yollarla dünya bazarlarına çıxarır. “Cənub” qaz dəhlizinin icrasında artıq 7 ölkə birləşib və gələcəkdə daha bir neçə ölkə bu önəmli layihəyə qoşula bilər. Bu istiqamətdə apardığımız işlər bizim ölkəmizi gücləndirir. Çünki qeyd etdiyim kimi, biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. İqtisadiyyatımızın böyük hissəsi ilk illərdə neftlə, qazla bağlı idi. Bu gün isə biz neftdən və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sektorlarına yatırmaqla ölkəmizin inkişafını dayanıqlı edirik. Bizim iqtisadiyyatımızda neft və qaz hazırda cəmi 30 faiz təşkil edir. Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olmuşdur ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək. Bizim enerji siyasətimiz imkan verdi ki, biz özümüz də xarici ölkələrə sərmayə qoyaq. Müstəqilliyimizin ilk illərində xarici yatırımdan asılı idik. Bu gün biz başqa ölkələrə böyük həcmdə yatırımlar edirik, o cümlədən qardaş Türkiyəyə bizim yatırdığımız və yatıracağımız sərmayə 20 milyard dollara bərabərdir. Bu, bizim iqtisadiyyatımızı, Türkiyə iqtisadiyyatını gücləndirir. Bu, bizim birliyimizi gücləndirir. Bu gün dünya enerji və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyəni və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki həm təbii ehtiyatlar, böyük coğrafiya, şaxələndirilmiş nəqliyyat infrastrukturu artıq bizdə var. Biz bunu yaratmışıq və biz öz işimizi bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət və maraqlar əsasında qururuq”.