DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA DƏNİZ TƏLƏBLƏRİ İLƏ BAĞLI MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI HAQQINDA 1976-CI İL TARİXLİ BEYNƏLXALQ KONVENSİYAYA VƏ KONVENSİYANIN 1996-CI İL TARİXLİ PROTOKOLUNA DAİR SEMİNAR KEÇİRİLMİŞDİR

906

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında cari ilin 12-13 oktyabr tarixlərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi çərçivəsində Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında 1976-cı il tarixli Beynəlxalq Konvensiyaya və adıçəkilən beynəlxalq konvensiyanın 1996-cı il tarixli Protokoluna dair seminar keçirilmişdir.
2015-ci ilin 16 noyabr tarixindən həyata keçirilməsinə başlanılan və başlıca məqsədi Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarət olan “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi çərçivəsində keçirilən seminarda Dövlət Dəniz Administrasiyasının əməkdaşları ilə yanaşı, Azərbaycan Yeni Nəsil Hüquqşunaslar Assosiasiyasının nümayəndələri və Bakı Dövlət Universitetinin dəniz və enerji hüququ fakültəsinin müəllim və magistrantları iştirak etmişlər.
Seminar zamanı Tvinninq layihəsi çərçivəsində ölkəmizə dəvət olunan İspaniyalı mütəxəssislər — professor J.L.Gabaldon, kapitan L.Fernandez və R.Pastor tərəfindən “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında Beynəlxalq Konvensiya”nın tarixçəsi, dəniz tələbləri ilə bağlı məsuliyyəti məhdudlaşdırmaq hüququna malik olan şəxslər, məhdudlaşdırmanın təsdiq edilməsi, məhdudlaşdırma fondları və onların təsirləri, eləcə də Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəniz tələbləri ilə bağlı məsuliyyətin yeni qlobal məhdudlaşdırılması sistemi barədə iştirakçılara geniş məlumat verilmişdir.
Həmçinin seminarda dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında 1976-cı il tarixli Beynəlxalq Konvensiya və adıçəkəkilən beynəlxalq konvensiyanın 1996-cı il tarixli Protokolu ilə bağlı gəmi toqquşmaları üzrə praktiki misallar verilmiş və iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.