Bakı-Ərzurum kəməri ilə 5,3 mlrd. kubmetr qaz ötürülüb

843

Bu ilin yanvar-sentyabr ayları ərzində magistral qaz kəmərləri ilə 15 029,6 mln. kubmetr qaz nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5% azalma müşahidə olunub. Qazın nəqlinin 34,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 5 251,6 mln. kubmetr qaz ötürülüb.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir. Boru kəməri Bakı yaxınlığındakıSəngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib. Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz-1” qazını çatdırır.