“Dil-karyeraya gedən yol” III ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsi keçirildi.

977

17 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə Azərbaycan Dövlət Dəniz Akademiyasında ənənəvi olaraq keçirilən “Dil-karyeraya gedən yol” III ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsinə start verildi.

Müsabiqəni Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev açaraq, bu müsabiqənin əhəmiyyətindən və müasir dövrdə ingilis dilinin gənc tələbələr arasında daşıdığı böyük önəmdən danışıb. Bildirib ki, özlərini dünyanın hər hansı bir mötəbər ali məktəbinin tələbəsi görmək istəyən tələbə, öz karyeralarını qurmaq arzusunda olan gənclər xarici dillərin öyrənilməsinə diqqəti artırmalıdırlar.

ADDA  Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə bu müsabiqəni daha geniş miqyasda keçirərək respublika tələbə gənclərimiz üçün bu sahədə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaratdı. Məhz bunun nəticəsidir ki, müsabiqənin ilk 2014-cü ilində iştirakçı sayı 8 ali məktəbdən 32 nəfər idisə, ötən 2015-ci ildə artaraq 12 ali məktəbdən 42 nəfər, bu il isə bu rəqəm iki dəfə artaraq 17 ali məktəbdən 104 nəfər təşkil edir.  Bunlar Azərbaycan Dövlət Dəniz Akademiyası ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universisteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi,Azərbaycan Dövlət Mədəniyyət  və İncəsənət Universiteti, Sumqayıt  Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Kooperasiya Universitetidir.

2016-cı il Azərbaycanda dənizçilik təhsilinin 135 illiyi və Azərbaycan Dövlət Dəniz Akademiyasının yaranmasının 20 illiyi ilə əlamətdardır. Tədbirdə ADDA-nın  yaranma tarixi və ikişaf yolunu əks etdirən qısa videofilm nümayiş olunub, Respublikamızın müxtəlif ali məktəblərin müəllimlərindən ibarət münsiflər heyəti təqdim edilib.

Ötən il birinci yerin qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Xasayev Faiq Fransada təhsilini davam etdirdiyindən bu ilki iştirakçılara ürək sözlərini video görüntü vasitəsilə çatdırdı.

Müsabiqənin şərtləri bütün iştirakçılara çatdırıldıqdan sonra tələbələrin məruzələri dinlənildi.

Müsabiqənin davamı və mükafatlandırma 18 noyabr saat 13.00-da  davam etdi.

Münsiflər heyətinin qiymətləndirilməsi əsasında:

1-ci yerin qalibi: Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Məmmədağa Bəydəmirov

2-ci yerin qalibi: Milli Aviyasiya Akademiyasının tələbəsi Nurad Ağayev

3-cü yerin qalibi: Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Əli Nəsirli

Öncədən qeyd olunduğu kimi I yerin qalibinə – 1-ci dərəcəli diplom və noutbuk, II yerin qalibinə – 2-ci dərəcəli diplom və mobil telefon, III yerin qalibinə – 3-cü dərəcəli diplom və planşet, digər iştirakçılara isə sertifikatların təqdim olunacağı elan olundu. Hər iştirakçıya seçdiyi mövzunu 3-4 dəqiqə ərzində audio-vizual materialların köməyi ilə təqdim etmək şansı verildi.  Tələbələr xarici dildə çıxış etməklə bir daha karyeraya gedən yolda dil amilinin bir vasitə olduğunu göstəriblər.