AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN QORUNMASI VƏ DÜZGÜN TƏTBİQ OLUNMASI İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR

1011

Mütəmadi olaraq Azərbaycan ədəbi dilinin diqqətəlayiqliliyini, vacibliyini və dövlət strukturlarında mövcud əhəmiyyətliliyini nəzərə alaraq  Dövlət Dəniz Administrasiyası tərəfindən tədbirlər keçirilir. Qeyd edilən çərçivədə həyata keçirilmiş tədbirlərdən biri cari ilin 29 noyabr tarixində baş tutmuş “Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması” ilə bağlı maarifləndirici tədbir olmuşdur. Açılış nitqi ilə çıxış edən Şahlar Məmmədov öz nitqində Azərbaycan dilinin tarixinə toxunaraq onun 1300 illik böyük inkişaf yolunu keçmiş qədim dillərdən biri olduğunu qeyd etdi. Ş. Məmmədov vurğuladı ki, dil xalqın varlığının əsas təmsilçisidir. Bu gün Azərbaycan dili yer üzündə yaşayan 50 milyonluq Azərbaycanlının dilidir. Ancaq tarix boyu müxtəlif sınaqlardan çıxmış Azərbaycan üçün ana dilini qoruyub saxlamaq heç də asan başa gəlməmişdir. Əsrlərdir tarixin burulğanlı səhifələrindən alnıaçıq, üzüağ çıxan ana dilimiz milli dəyərimizdir. 70 illik Sovet Sosialist Respublikaları İttifaqının əsarəti altında qalaraq digər respublikalar kimi “vahid dil” sisteminə cəlb edilməsinə məcbur edilən Azərbaycan Respublikası nəhayətində, 1978-ci ildə Ümumilli liderimiz Heydər Əliyevin təkidi ilə Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasında (Əsas Qanununda) Azərbaycan dilinin dövlət dili statusu alınmasına nail oldu. Azərbaycan müstəqillik qazandıqdan sonra  da dilin inkişafı üçün bir sıra qanun və qərarlar qəbul edildi. Heç də əbəs deyil ki, 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Eyni zamanda, Azərbaycan dilinin inkişafı və istifadəsi sahəsində atılmış ən mühüm addımlardan biri də 2013-cü il 9 aprel tarixli «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın təsdiq olunmasına dair Azərbaycan Respublikası Prezidentinin sərəncamı olmuşdur. Sərəncamda Azərbaycan dilinin milli dövlətçiliyin əsas rəmzlərindən biri olması vurğulanaraq, dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsinin vacibliyi öz əksini tapmışdır.
Tədbir zamanı Administrasiyanın digər işçiləri və dəvət olunmuş mütəxəssislər də Azərbaycan ədəbi dilin qorunması və istifadə olunması məsələlərinə toxundular. Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd edilməsi ilə yanaşı 2002-ci il 30 sentyabrda “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanunun tələbi əsasında Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında və digər qurumlarda, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. Artıq dilimizin inkişafı ilə əlaqədar olaraq bir sıra uğurlar əldə edilmişdir. Elmi kitablar, məqalələr bu dildə nəşr olunur,   konfranslar, müşavirələr bu dildə aparılır, beynəlxalq tribunalarda digər dillərlə yanaşı ana dilimiz də səslənilir.
Həmçinin, tədbir zamanı tədbir iştirakçılarına ədəbi dilin formaları, üslublar, xüsusilə, rəsmi yazışmalarda istifadə olunan rəsmi-işgüzar üslubun tələbləri barədə  təlimatlar verilmiş, mövzu üzrə geniş müzakirələr aparılaraq iştirakçıların sualları ətraflı cavablandırılmışdır.