“Petlim” ilk ticarət gəmisini bu gün qəbul edəcək

1008

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin (Türkiyə) Petkim yarımadasının ərazisində inşa etdirdiyi “Petlim” konteyner limanı bu gün ilk gəmini qəbul edəcək.

“Report” xəbər verir ki, bu barədə “SOCAR Turkey Energy” şirkəti “Twitter” mikro-bloqunda məlumat yayıb.

“Petlim”in 1,5 mln. TEU tutumundakı terminalının ilk fazası (800 min TEU-REP.) fəaliyyətə başlayır. “APM Terminals”ın idarəçiliyindəki liman ilk gəmisini qəbul edəcək”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün əsas payı SOCAR-a məxsus olan “Petkim Holding” limanın bu həftə əməliyyatlara başlayacağı barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında bildirib.

Qeyd edək ki, I faza 2015-ci ilin sonunda tamamlanaraq “Maersk” qrupunun “APM Terminals” şirkətinin idarəçiliyinə təhvil verilib.

Liman hələ layihə mərhələsində olarkən konteyner terminalı idarəçiliyində dünyanın ən uğurlu və ən böyük qrupu olan “Maersk”in “APM Terminals” şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 28 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb. Gəlir ortaqlığı razılaşmasına əsasən, “Petkim” də əldə edilən gəlirlərdən pay alacaq. Liman inşaat mərhələsindəykən dünyanın nəhəng investisiya banklarından biri olan “Goldman Sachs International” layihənin dəyərini 1 mlrd. dollar olaraq müəyyənləşdirib və 30%-nə 300 mln. dollar ödəyərək “Petlim”ə ortaq olub.

Ümumilikdə, 55 hektarlıq sahəyə sahib olan bu liman Egey dənizinin ən böyük konteyner limanı olacaq. Bu limana 11 min ədəddən çox konteyner daşıyan dünyanın ən böyük konteyner gəmiləri yanaşa biləcək. Bunun üçün dənizin dərinliyi 16 metrə çatdırılıb və 700 metr uzunluğunda liman sahil xətti inşa edilib. Limanın 10 mln. ton quru yük götürmə qabiliyyəti olacaq.