Gəmiçilik və “Bureau Veritas”ın nümayəndələri əməkdaşlıq haqqında razılığa gəliblər

981

Dekabrın 13-də dünyanın aparıcı təsnifat cəmiyyətlərindən olan “Büro Veritas”ın (Bureau Veritas) Yaxın Şərq, Türkiyə və Xəzər dənizi üzrə nümayəndələri Paskal Poilliot, Ağasəf Hüseynov və Cafer Tekkan   “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşüblər.

Danışıq zamanı ikitərəfli əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. “Büro Veritas”ın nümayəndələri  gəmiqayırma, gəmi təmiri, personalın peşəkar bacarıqlarının artırılması ilə bağlı təlimlərin keçirilməsinə dair öz xidmətlərini təklif ediblər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  sədri Rauf Vəliyev rəhbərlik etdiyi qurumun son illər qazandığı nailiyyətlər haqqında qonaqlara  məlumat verib. Bildirilib ki, ölkə  başçısının dəstəyi ilə   yenilənən  donanmanın gəmiləri bu gün nəinki Xəzərdə,  eyni zamanda doğma  sulardan uzaqlarda  da Azərbaycan bayrağı altında xidmət göstərirlər. Nüfuzlu təsnifat cəmiyyətləri ilə əməkdaşlıq təcrübəsinin artıq mövcudluğunu qeyd edən Rauf Vəliyev bu sahədə müsbət nəticələrin əldə olunduğunu bildirib.

Tərəflər 2017-ci ildə bir sıra sahələr, xüsusən də Gəmiçiliyin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsinə dair ilkin razılığa gəliblər.

1828-ci ildən fəaliyyət göstərən və hazırda dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi olan “Büro Veritas” şirkəti sertifikatlaşdırma, audit və sair xidmətlərin həyata keçirilməsi  ilə yanaşı, keyfiyyət, sağlamlıq, ətraf mühit və təhlükəsizlik məsələlərinin standartlara uyğunluğuna da  nəzarət edir.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  QSC “Amerika Dəniz Gəmiçilik Bürosu” (ABS), “Rusyia Gəmiçilik üzrə Dəniz Registri”, “Türk Loydu Vakfı” və “Det Norske Veritas” (DNV) kimi nüfuzlu təsnifat cəmiyyətləri ilə əməkdaşlığın nəticəsi kimi müxtəlif sertifikatlar əldə edib.