Xilasetmə əməliyyatları davam edir

962

Dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın dənizə düşməsi barədə məlumat “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə daxil olan kimi dərhal Gəmiçilik tərəfindən təxirəsalınmaz tədbirlər görülmüşdür. SOCAR və Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlanaraq, tələb olunan gəmilər hadisə yerinə mobilizasiya olunmuşdur.

Qəza nəticəsində itkin düşənlərin axtarışı və xilas olunması məqsədilə Gəmiçiliyin “Lənkəran”, “Vadim Seyidov” “Gültəkin Əsgərova”, “Aura”,  “Qaradağ-8”, “Qaradağ-4”, “Ramiz Hacıyev”, “Avior” və AXDG-yə məxsus, FHN tərəfindən idarə olunan olan “Vixr-5” və “Vixr-8” gəmiləri hadisə yerinə dərhal səfərbər ediliblər. Əməliyyatlara həmçinin AXDG-Caspian Marine Services Alyansının “Xudafərin”,  AXDG-BUE Caspian Alyansının “Caspian Pride” və “Caspian Provider” gəmiləri də cəlb olunublar.

Hadisə ilə əlaqədar “AXDG” QSC-nin Böhran Qrupu SOCAR-ın və FHN-nin səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq,  xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işlərini koordinasiya edir.

Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını ciddi şəkildə çətinləşdirir.