Bu il Bakı-Ceyhan kəməri ilə 4 mln. ton tranzit nefti nəql edilib

864

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 40 249,8 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin 11 ayında magistarl neft kəmərləri ilə nəqletmə ötən ilin 11 ayından 4% az olub.

Nəqletmənin 76,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 30 936,9 min ton neft ötürülüb. BTC ilə yanvar-noyabr aylarında neft nəqli ötən ilin müvafiq dövründən 3% az olub.

Dövr ərzində BTC kəməri ilə 4,1 mln. ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin müvafiq dövründən 21% azdır.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. BTC boru kəməri ilə Azərbaycandan əsasən “AÇG” nefti və “Şahdəniz” kondensatı daşınır.