“Bibiheybət” Gəmi Təmiri Zavodunda üzən emalatxananın təmiri yekunlaşmaq üzrədir

1151

Tərsanəyə qaldırılan emalatxananın sualtı və suüstü hissələri, üst tikililəri təmizlənərək rənglənib, dam örtüyü, gövdədə olan qoruyucu tirlər yenilənib,  istehsalat sahələrindəki  bütün dəzgahlar təmir olunub, istilik və şirin su sistemləri dəyişdirilib. Bundan başqa, üzən emalatxanada hər biri 17 kubmetr həcmə malik su və fekal çənlər, 20 yerlik telefon stansiyası quraşdırılır, sanitariya sistemi yenisi ilə əvəz edilir.Heyət və komanda işçilərinin yüksək keyfiyyətlə təmir edilən otaqlarında yeni mebellər quraşdırılır. Bütün sahələrdə təmizləmə və rəngləmə işləri görülür.

Təmir  başa çatdıqdan sonra  üzən emalatxana    yedək gəmisi ilə Ələtə – yeni Bakı Beynəlxalq Dəniz Ticarət  Limanına aparılacaq. Müasir standartlara cavab verəcək üzən emalatxanada  gəmilərin  təmiri ilə bağlı bütün xidmətlər göstəriləcək.

Xatırladaq ki, bu qurğu  Xəzərin ən böyük yükaşırma müəssisəsinə yan alacaq gəmilərə operativ xidmət göstərməyə imkan verəcək. Bununla da gəmilərin səfərlərarası cari təmirində  vaxt itkisi aradan qaldırılacaq.  Əvvəllər gəmilərin “Bibiheybət” və “Zığ” gəmi  təmiri zavodlarında həyata keçirilən cari təmir işləri bundan sonra yeni Bakı Beynəlxalq Dəniz Ticarət  Limanında gerçəkləşdiriləcək.