Neft və qaz kəşfiyyatı son 60 ilin ən aşağı səviyyəsinə düşüb

1796

Şirkətlərin kəşfiyyatda əyləcə basması və böyük yataqların kəşfinin çətinləşməsi ilə yeni neft və qaz yataqlarının kəşfi son 60 ildə ən aşağı səviyyəyə düşüb.

“Report” “Financial Times” nəşrinə istinadən xəbər verir ki, “IHS Markit” tədqiqat qrupuna görə, 2013-cü ilə qədər orta illik 400-500 kəşflə müqayisədə ötən il bütün dünya üzrə 174 neft və qaz kəşfi qeydə alınıb. Kəşfiyyat uğurundakı yavaşlama göstərir ki, dünya çox güman, gələcək onilliklərdə enerji tələbatının ödənilməsi üçün ABŞ-ın şist neft və qazı kimi qeyri-ənənəvi resurslardan daha asılı olacaq. Kəşfiyyatdan hasilata vaxtın 5 ildən 7 ilə qədər olması nəzərə alınaraq neft və qaz kəşfindəki çatışmazlıq indi gələcək 10 ildə daha sıx təchizat anlamına gəlir. Baxmayaraq ki, bu il ənənəvi kəşfiyyatda müvəqqəti artım göstəriciləri var, Norveçin “Statoil” şirkəti daxil olmaqla bəzi şirkətlər qazma əməliyyatlarını artırmaq niyyətindədir. Kəşfiyyatlar 2015-ci ildə 6 onilliyin ən aşağı səviyyəsinə düşüb və ötən il yenidən azalaraq təxminən 8,2 mlrd. barel neft və qaz ekvivalenti olub. Geriləmə həm 2014-cü ildən etibarən neft və qaz qiymətlərindəki azalmadan sonra sabitliyi qorumağa çalışan şirkətlərin kəşfiyyat işlərindəki dövri azalmalarda, həm də xüsusilə Şimali Amerikada şist və oxşar ehtiyatlar sənayesində struktur dəyişikliklərdə əks olunur. Əksər kəşfiyyatlar dənizdədir ki, burada da bir quyu 150 mln. dollara başa gəlir və kəşfiyyat quyusunun uğur nisbəti 1/5-dir.

“Wood Mackenzie” tədqiqat şirkətinin məlumatına görə, ötən il kəşfiyyata sərf olunan vəsait 2014-cü ildəki 100 mlrd. dollardan 40 mlrd. dollara düşüb. ABŞ-ın “Chevron” şirkəti kəşfiyyat xərclərini 2015-ci ildəki 3 mlrd. dollardan 2016-2017-ci illərdə hər il üçün 1 mlrd. dollar salıb. “ConocoPhillips” isə dərinsulu kəşfiyyatdan tamamilə çıxıb. Quruda bir şist quyunun kəşfi 4-10 mln. dollara başa gəlir və dərinsulu kəşflərdəki hasilata başlamaq üçün 5 və daha çox ilin tələb olunmasının əksinə hasilata daxil olmaq üçün həftələr lazımdır.

“IHS Markit”in nümayəndəsi Bob Frikland bildirib ki, problem sıx süxurlar vasitəsilə həll olunur. Baxmayaraq ki, “Wood Mackenzie” bu il kəşfiyyat fəaliyyətində artım gözləyir. Bu il ötən ilki 430 quyu ilə müqayisədə dünyada 500-dən çox quyunun qazılması proqnozlaşdırılır. Qeyd olunub ki, “ExxonMobil”in Qayanada, “Eni” şirkətinin İtaliyada, “Statoil” şirkətinin Barens dənizində, “Kosmos Energy” və onun yeni tərəfdaşı BP şirkətinin Mavritaniyadakı qazma planları kəşfiyyat üçün yüksək potensial ehtimalı olanlar arasındadır.

“Wood Mackenzie”nin qlobal kəşfiyyat tədqiqatı üzrə rəhbəri Endryu Latam (Andrew Latham) bildirib ki, qazma qurğuları üçün daha aşağı gündəlik qiymətlər və digər qənaətlər şirkətlərə az puldan daha çox şeyə nail olmağa imkan verib: “Əgər nə xərclədiklərinə baxsanız, çox ehtiyatlı olduqlarını görərsiniz”. O xəbərdarlıq edir ki, kəşfiyyat imkanlarının kapitaldan çox olması ilə şiddətli rəqabət olacaq: “Fiskal çərçivəsi sərt olan ölkələr investisiya cəlb edə bilməyəcək, çünki şirkətlərin öz seçimləri var”.

Dünyanda ilin iki ən böyük kəşfi ABŞ-da olub. Bunlardan biri “Caelus Energy”nin Alyaskanın şimal sahilində dayaz sulardakı Smit körfəzindədir. Burada 4 mlrd. barel həcmində neft ehtiyatları ola bilər. Digər kəşf isə “ConocoPhillips”in Alyaskanın quru hissəsində olan “Willow” kəşfidir və burada ehtiyatlar 300 mln. barel həcmində qiymətləndirilir.