“Azəri” yatağından neft hasilatına başlanmasından 12 il keçir
“Azəri” o yataqdır ki, 2005-ci ilin fevral ayından bəri oradan böyük həcmdə neft və səmt qazı çıxarılıb. Həmin ilin mayında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə ilk dəfə məhz “Azəri”dən çıxarılan neft vuruldu və bu, böyük tarixi hadisə idi. Bu gün də BTC-nin nəql etdiyi neftin böyük hissəsini “Azəri”nin hasilatı təşkil edir.
12 il əvvəl “Azəri”nin ilk nefti yatağın mərkəzi hissəsindən çıxarıldı. Onun daha iki – qərb və şərq hissələri də var ki, hərəsi özlüyündə bir yataqdır.
“Azəri” təkcə Xəzərdə deyil, bütün dünyada istismar edilməkdə olan ən böyük neft yataqlarından biridir. Onun ərazisinin böyüklüyü, karbohidrogen ehtiyatlarının zənginliyi, yəni, tikinti zamanı işə cəlb edilmiş insanların sayı və indiyədək gətirdiyi gəlirlər belə deməyə əsas verir.
“Azəri”nin işlənməsi “Əsrin müqaviləsi” adını almış “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin mühüm bir mərhələsidir. Odur ki, bu yataqdan ilk neftin alınması “Əsrin müqaviləsi”nin kulminasiya nöqtəsi sayılır.
2005-ci il fevralın 18-də “Mərkəzi Azəri” platformasında ilk neftin əldə olunması münasibətilə təntənəli tədbir keçirildi. Prezident İlham Əliyev tədbirdə çıxış edərək dedi: “Bu gün “Azəri” yatağından ilk neftin çıxarılması bir daha onu göstərir ki, qarşıya qoyulmuş bütün vəzifələr, planlar həyata keçirilir. Bütün çətinliklərə, maneələrə baxmayaraq, çətin geosiyasi vəziyyətdə Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda uğurla işləyibdir, qarşıda duran bütün vəzifələr həyatda öz əksini tapıbdır”.
Xatırladaq ki, AÇG layihəsində əməliyyatçı olan BP (Böyük Britaniya) ilə birlikdə hazırda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), “Şevron” (ABŞ), “İnpeks” (Yaponiya), “Statoyl” (Norveç), “EksonMobil” (ABŞ), TPAO (Türkiyə), OVL (Hindistan) şirkətləri iştirak edirlər. AÇG çərçivəsində ilk neft 1997-ci ilin noyabrında “Çıraq” platformasından alınıb. Bundan sonra neft verən ikinci platforma “Mərkəzi Azəri”dir. “Qərbi Azəri”də neft hasilatına 2006-cı ilin əvvəlində, “Şərqi Azəri”də isə həmin ilin sonunda başlanıb. 2008-ci ilin aprel ayında “Dərinsulu Günəşli” və 2014-cü ilin əvvəlində “Qərbi Çıraq” platformaları da neft verib. Beləliklə, indi AÇG müqavilə sahəsində 8 platforma istismar olunur ki, bunların da 6-sı hasilat platformasıdır.
AÇG-nin bütün platformaları kimi, “Azəri”nin qurğuları da ölkə daxilində inşa edilib. Yataqdakı hasilat platformaları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. “Mərkəzi Azəri”dəki Kompressor və Suvurma Platformasının (K və SP) göyərtəsi Bakının Bibiheybət ərazisindəki ATA (“AMEK-Tekfen-Azfen”) alyansının tikinti-quraşdırma sahəsində inşa edilib. K və SP “Azəri”nin qərb və şərq hissələrinə də qaz və suvurma əməliyyatları, elektrik təchizatı ilə bağlı xidmətlər göstərir.
“Azəri” neftini və səmt qazını Səngəçal terminalına çatdırmaq üçün dənizdə ümumi uzunluğu 600 kilometrdən çox olan sualtı borular çəkilib. Terminalda həmin karbohidrogenləri ilkin emal edib müvafiq kəmərlərə vurmaq üçün geniş infrastruktur yaradılıb.
“Azəri”dən çıxarılan neft Səngəçala 30 düymlük sualtı borularla çatdırılır. Yataqda hasil olunan qazın bir hissəsi laylardakı təzyiqi saxlamaq üçün və yanacaq kimi platformalarda istifadə olunur. Qalan hissəsi isə 28 düymlük sualtı xətlərlə terminaldakı texnoloji emal qurğularına nəql edilir və buradan ölkənin daxili istifadəsi üçün “Azəriqaz” şəbəkəsinə ötürülür.
Hələ 1999-cu ildə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Dövlət Neft Fondu yaradılmışdır. Sonrakı illərdə ölkənin sosial-iqtisadi inkişafına sərf olunan daxili investisiyaların xeyli hissəsi məhz bu fondun hesabına formalaşmışdır.
Azərbaycanın həyata keçirdiyi digər neft-qaz layihələri kimi “Azəri” də ölkənin böyük həcmdə valyuta ehtiyatları əldə etməsinə imkan verdi. Dövlət bu ehtiyatlardan səmərəli istifadə edərək onları ölkənin əsas inkişaf istiqamətlərinə yönəltdi. Beləliklə, Azərbaycanın iqtisadi inkişafı təmin edildi. İnsanların rifah halı yüksəldi. Eyni zamanda, çoxsaylı infrastruktur layihələri icra edildi, sosial məsələlər öz həllini tapdı.
Prezident İlham Əliyevin düşünülmüş və gələcəyə hesablanmış iqtisadi siyasəti sayəsində neft gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldildi. Bu vəsaitlərin xeyli hissəsi məhz “Azəri”nin 12 il əvvəl hasil olunmasına başlanmış neftindən əldə edilən gəlirlərlə yaranmışdır.
Dünyada maliyyə böhranının hökm sürdüyü, neftin qiymətinin bir neçə dəfə aşağı düşdüyü şəraitdə Azərbaycan bir sıra digər ölkələr qədər çətinlik çəkmədi. Zaman göstərdi ki, Azərbaycan dövləti karbohidrogenlərin ixracından əldə olunan gəlirləri iqtisadiyyatın şaxələndirilməsinə yönəltməklə düzgün addım atıb.
Flora SADIQLI,
“Azərbaycan”