“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ötən il 31,1 mln. ton neft hasil olunub

1350

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2016-cı il ərzində ümumi hasilat 230 mln. bareldən artıq, yəni 31,1 mln. tondan artıq təşkil edib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru olan “BP-Azerbaijan” şirkətindən bildirilib.

Ötən il yataqlar blokundan hasilat 2015-ci ilə nisbətən 0,64% azalıb.

Qeyd edilib ki, il ərzində stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib: ”İl ərzində “AÇG”-dən ümumi hasilat – “Çıraq” (54 000), “Mərkəzi Azəri” (144 000), “Qərbi Azəri” (114 000), “Şərqi Azəri” (72 000), “Dərinsulu Günəşli” (126 000) və “Qərbi Çıraq” (120 000) platformalarından birlikdə – gündə orta hesabla 630 min barel və ya ümumilikdə 230 mln. bareldən artıq, yəni 31,1 mln. tondan artıq təşkil edib. “AÇG”-nin illik iş proqramının bir hissəsi olaraq 2016-cı ildə iki planlaşdırılmış profilaktik işlər proqramı – sentyabr ayında “Dərinsulu Günəşli” və noyabr ayında “Şərqi Azəri” platformasında uğurla həyata keçirilib. Plana əsasən, “Dərinsulu Günəşli” platformasından hasilat sentyabrda 11 gün ərzində, “Şərqi Azəri”də isə noyabrda 12 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformaların təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu işlər tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb”.

Məlumata görə, 2016-cı ilin sonunda “AÇG”də ümumilikdə 100 neft hasilat quyusu və 49 qaz və su injektor quyusu istismarda olub. Bu quyulardan 5-i 2016-cı ilin sonuna olan göstəricilərə görə BP-nin dünyadakı 10 ən məhsuldar quyusunun sırasında olub.

Qeyd edək ki, “AÇG” yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. “AÇG” üzrə Hasilatın Pay Bölgüsü haqqında sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Ltd.” şirkəti operatordur.

“AÇG” layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Ltd.” (OVL, 2,7%) şirkətləri iştirak edir.