İtaliyalı iş adamları Gəmiçilikdə

872

Bakıda  səfərdə olan italiyalı iş adamlarının bir qrupu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevlə görüşüblər.

İtaliya – Azərbaycan Ticarət Palatasının prezidenti xanım Manuela Traldi, “İCOG – Azərbaycan” şirkətinin baş direktoru Canluka Fatone və “Castalia” şirkətinin biznesin inkişafı üzrə meneceri Alessandro Vettori ilə görüşdə qonaqlara   ölkəmizdə uğurla həyata keçirilən layihələr haqqında məlumat verilib. Rauf Vəliyev Gəmiçiliyin fəaliyyəti, beynəlxalq səviyyəli  təsnifat cəmiyyətləri ilə əməkdaşlığı,  eyni zamanda   rəhbərlik etdiyi qurumun qısa  müddətdə  qazandığı uğurlardan söz açıb.

Bölgədə potensial və güclü tərəfdaş axtarışında olduqlarını  deyən “Castalia” şirkətinin nümayəndəsi Alessandro Vettori qurumun əsas hədəflərini açıqlayıb. Dənizdə ətraf mühitin mühafizəsi, İMO standartlarına uyğun təlimlərin keçirilməsi  və dənizçiliklə bağlı  digər xidmətlər təklif edən şirkət rəsmisi Azərbaycanda da fəaliyyət göstərəcəklərini bildirib.  Qonaq təmsil etdiyi  şirkətin donanmasına məxsus 36 gəminin hazırda Aralıq dənizi sularında üzdüyünü də diqqətə çatdırıb.

İşgüzar mühitdə keçən görüşdə təklif olunan xidmətlər üzrə danışıqlar gələcəkdə də davam etdiriləcək.