Azərbaycan Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin əsas dayaq nöqtələrindən birinə çevrilir

1246

Bakı yaxın gələcəkdə həm logistika-yükdaşıma, həm də ticarət üçün mühüm qovşağa çevriləcək. Bu fikir “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun martın 14-15-də Vyanaya işgüzar səfəri zamanı səsləndirilib.

Səfər çərçivəsində T.Ziyadov martın 14-də Avstriya-Azərbaycan Ticarət Palatasında (ATAZ) ölkəmizin Avstriyadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş işgüzar görüşdə iştirak edib. Tədbirdə logistika, yük daşımaları və nəqliyyat sahələrində fəaliyyət göstərən Avstriyanın bir sıra şirkətləri ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə çıxış edən T.Ziyadov Bakı yaxınlığındakı Ələt qəsəbəsində yaradılan beynəlxalq ticarət limanının mühüm logistika və azad ticarət zonasına çevrilməsi üçün potensialı və üstünlükləri, burada reallaşdırılması planlaşdırılan layihələr barədə geniş məlumat verib, müvafiq sahələr üzrə ixtisaslaşan şirkətlərin bu layihələrdə iştirakı üçün yaradılan şərait barədə danışıb.

Həmin gün T.Ziyadov Dunay çayının sahilində yerləşən böyük logistika mərkəzi Vyana Limanını ziyarət edərək liman rəhbərliyi ilə görüşüb, limanın fəaliyyətinin təşkili ilə tanış olub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Vyanada ATƏT-in iqtisadi məsələlər və ətraf mühit üzrə komitəsinin “Avrasiya nəqliyyatında tərəfdaşlıqların qurulması” mövzusunda iclasında iştirak edib. Baş direktor T. Ziyadov “Azərbaycanın qovşaq strategiyası və onun Avrasiyada nəqliyyat bağlılığının inkişafına təsiri” mövzusunda məruzə ilə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat layihələri, Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizləri, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqqında məlumat verib, Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas dayaq nöqtələrindən birinə çevrildiyini vurğulayıb.

T.Ziyadov Xəzər dənizi hövzəsində ən böyük dəniz ticarət limanı olan Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, layihənin birinci mərhələsinin – bərə terminalının istifadəyə verilməsi barədə məlumat verib, bu ticarət limanının yaratdığı imkanlardan bəhs edib. O, Ələt qəsəbəsindəki Bakı Limanı ətrafında Azad Ticarət Zonasının (ATZ) yaradılmasının planlaşdırıldığını, ATZ-nin əsas məqsədlərindən birinin yerli və ölkəmizə idxal edilən xammalın emalı və beləliklə, yeni əlavə dəyərin yaradılmasından ibarət olduğunu bildirib. Bakı Limanının rəhbəri deyib ki, Ələt ATZ-də nəqliyyat və logistika infrastrukturunun, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır. Hazırda ATZ üçün hüquqi bazanın yaradılması məqsədilə müvafiq sənədlərin hazırlanması işlərinin yekunlaşdığı vurğulanıb.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri
Vyana