Trans Caspian Translogistica 2017: Effektiv nəqliyyat və dinamika aləmi

1079

28 aprel tarixində Bakı Ekspo Mərkəzində 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzıt və Loqistika “TransCaspian/Translogistica 201” sərgisi öz işini yekunlaşdırdı. Builki sərgi dünyanın 14 ölkəsini təmsil edən 88 şirkəti bir araya toplayıb. “TransCaspian/Translogistica 2017” sərgisi ilə eyni platformada qonşu sektorlar üzrə daha iki sərgi: 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” və 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgiləri keçirildi. Sərgilərin təşkilatçısı qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Sərgilər iştirakçı və ziyarətçilərə həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, eləcə də maraqlı şəxslərin yeni işgüzar müqavilələr imzalamaları üçün istənilən şəraiti yaratmağa müvəffəq olub. “TransCaspian/Translogistica 2017” sərgisi dəmiryol nəqliyyatı, dənizçilik sənayesi, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-loqistika xidmətləri sahəsində əsas dövlət nəqliyyat strukturlarını, eləcə də kommersiya təşkilatlarını cəlb edib.

Beynəlxalq ictimaiyyətin diqqətini nəqliyyat infrastrukturunun həm respublika üzrə, həm də regional miqyasda inkişafına yönəldən tədbir iştirakçıları təqdim etdikləri ekspozisiyalarda öz fəaliyyətlərinin ən mühüm istiqamətlərini əks etdiriblər. Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası, “Ukrzaliznytsa” Ukrayna Dəmir Yolları şirkəti, “Həştərxan Dəniz Limanı” QSC, Minsk Vaqon Təmiri Zavodu və digər təşkilatların stendləri təqdim edilən layihələrin zəngin çeşidi fonunda səmərəli şəkildə seçiliblər.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, ölkə rəhbərliyi respublikanın nəqliyyat sektoruna böyük diqqət yetirir. Müasir texnologiyaların geniş tətbiqi sayəsində Azərbaycanın nəqliyyat infrastrukturu günü-gündən genişlənərək inkişaf edir. Hər il ixtisaslaşmış sərgilərin keçirilməsi beynəlxalq əlaqələrin möhkəmlənməsinə və işgüzar fəallığın artmasına müsbət təsir göstərir. Bu bəyanat Bakı Ekspo Mərkəzində öz ekspozisiyaları ilə çıxış edən Avstriya, Belarus, Rusiya, Türkiyə və digər ölkə bazarlarının nəhəng iştirakçılarının dəstəyi ilə qarşılanıb. Yeni şirkətlər sərgi iştirakçılarının 30%-ni təşkil edib.

Bəs görəsən Azərbaycan əksər sərgi iştirakçıları üçün nəyə görə cəlbedicidir? Eksponentlərin fikrincə, ölkəmizi uğurlu iqtisadi inkişaf səciyyələndirir, “Şimal-Cənub”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Bakı-Tbilisi-Qars” kimi nəhəng nəqliyyat layihələri burada uğurla həyata keçirilir. Belə genişmiqyaslı dəyişiklik Azərbaycanın Avropa ilə Asiya arasında əsas əlaqələndirici halqaya çevrilməsinə kömək edir. Buna görə də, hər il ixtisaslaşmış sərgilərdə iştirak çox böyük fayda və nüfuz qazandırır. Belə sərgilərin keçirilməsi Azərbaycanın nəqliyyat qovşağı kimi rolunu  göstərir. “TransCaspian/Translogistica” sərgisi Böyük Britaniyanın “ITE Group” şirkətlər qrupu tərəfindən təşkil olunan “TransRussia” (Moskva), “TransPoland” (Varşava), “TransUzbekistan” (Daşkənd), “TransUkraine” (Kiyev), “TransitKazakhstan” (Almatı) kimi ixtisaslaşmış nəqliyyat və loqistika sərgiləri, eləcə də “BreakBulk” beynəlxalq sərgilər şəbəkəsi (Antverpen, Hyuston, Şanxay, Əbu-Dabi, Kuala-Lumpur) və digər tədbirlər silsiləsinə daxildir. Ciddi sahibkarların Azərbaycan ilə əməkdaşlığa can atması ölkəyə nəhəng investisiyaların cəlb edilməsi üçün şərait yaradır. Qafqaz regionunda sənaye sektoru üzrə belə əhəmiyyətli tədbir həmişə bir sıra beynəlxalq forumlar arasında aparıcı yerlərdən birini tutur və Azərbaycanda nəqliyyat strukturunun inkişafına kömək edir.

Sərginin xarici iştirakçıları qarşılarına hansı məqsədləri qoyurlar? Potensial tərəfdaşlar işgüzar münasibətlərin sabit və uzunmüddətli olmasına, yerli bazarda öz iştirak payının genişlənməsinə və qarşılıqlı faydalı layihələr çərçivəsində peşəkar əməkdaşlığa ümid edirlər. 27 aprel tarixində təşkilatçılar tərəfindən təşkil edilmiş seminar da məhz bu məqsədə xidmət edib. Bu tədbir, işgüzar proqrama daxil olan statuslu hadisə kimi, müxtəlif ölkələri təmsil edən iş adamlarının böyük marağına səbəb olub. Tədbirdə yerli şirkətlər, sərginin ziyarətçi və eksponentləri iştirak ediblər. “B2B” formatlı görüşlər isə əsas ziyarətçi auditoriyası ilə çoxtərəfli danışıqların aparılmasına şərait yaradıb.

Sərgidə nəqliyyat sahəsi üzrə məhsul və xidmətlərin geniş çeşidi təqdim olunur. “Yükdaşımaları və Loqistika” sektorunda yük sahiblərinə yüklərin dəmiryol və dəniz vasitəsi ilə daşınması üçün optimal variantlar təklif olunur. “Dənizçilik sənayesi” sektoru çərçivəsində çoxfunksiyalı qəza-xilasetmə gəmiləri, qayıq və çoxtəyinatlı sürət katerlərinin modelləri, eləcə də dəniz və çay gəmilərinin layihələndirilməsi, modernləşdirilməsi və yenidən təchiz olunması, habelə konversiya üzrə mühəndislik təminatı, ponton, yanalma körpüsü və yaxta limanlarının istifadəyə hazır şəkildə tikintisi təklif edilir. Bu sektorda Türkiyə Gəmiqayırma Şirkətləri Assosiasiyası da iştirak edir. Ənənəvi “Dəmiryol infrastrukturu və Hərəkət heyəti” sektorunda lokomotiv və vaqon modelləri, dəmiryol nəqliyyatının təmir və istehsalı üzrə xidmətlər, eləcə də avtomatik idarəetmə məhsulları, yanacaq sərfiyyatının qeydiyyat sistemi və lokomotiv dizelinin avtomatik buraxılması və dayandırılması, habelə diaqnostika üçün texnoloji avadanlıqlar təklif olunur.

İxtisaslaşdırılmış “CIBS 2017” sərgisi katerlər, yaxtalar, müxtəlif növ dəniz avadanlıqları, yaxt-klublar, su idmanı və su nəqliyyatının istehsalçı və distributorlarını birləşdirir. Bu ilin sərgi iştirakçılarının arasında  “Laky Verf” (Rusiya), “Nevskiy Gəmiqayırma Zavodu” (Rusiya), ASC “RİF” (Rusiya), Yachting 2000 (Avstriya) şirkətləri var.

İxtisaslaşdırılmış  “Road&Traffic 2017” sərgisinin məqsədi yol, körpü və tunellərin tikintisi və layihələndirilməsi sahəsində əldə olunan ən son nailiyyətlərin təqdimatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi, ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaradılması və yol hərəkətinin təhlükəsizliyi sahəsində problemlərin həlli yollarının inkişaf etdirilməsidir.

Sərgi regionun aparıcı yol-inşaat şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşlər keçirmək üçün ideal şərait yaradır və ənənəvi olaraq, bu sənaye sahəsi üzrə yeni məhsulları nümayiş etdirir. Onların arasında yolların işıqlandırılması üçün “Urban” və “Kordoba” məhsulları, eləcə də “Novoplast-praymer” qruntu təqdim olunur. Bu il ilk dəfə olaraq sərgidə Bakı Nəqliyyat Agentliyi də iştirak edib.