2018-ci ildə Azərbaycanın neft-qaz sektorunda Top-10 hadisələr

607

2018-ci il Azərbaycanın neft-qaz sahəsi üçün yadda qalan illərdən olub. Yeni obyektlərin istifadəyə verilməsi, OPEC+ çərçivəsində əməkdaşlıq, neft müqavilələrinin imzalanması – bütün bu hadisələr ölkəmiz, bütövlükdə region üçün böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edir. “İnterfaks-Azərbaycan” agentliyi başa çatmaqda olan ildə Azərbaycanın neft-qaz sahəsində ən vacib Top-10 hadisələri diqqətinizə çatdırmaq qərarına gəldi.

“Cənub Qaz Dəhlizi”NİN (CQD) İŞƏ SALINMASI

2018-ci ildə nəinki Azərbaycan, həm də ümumilikdə region üçün mühüm hadisələrdən biri mayın 29-da “CQD”-nin işə salınması oldu.

“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri $40 mlrd.-dan çoxdur. 10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Hazırda layihə qrafik üzrə irəliləyir. Cari il sentyabr ayının sonuna layihəyə sərmayələr $32 mlrd.-a yaxın təşkil edib.

AZƏRBAYCAN OPEC+ ÇƏRÇİVƏSİNDƏ NEFT HASİLATINI YENİDƏN AZALDACAQ

Dekabr ayında OPEC+ ölkələri neft hasilatının azaldılması üzrə sazişin 2019-cu ilin aprel ayında mümkün nəzərdən keçirilməsi şərti ilə 6 ay müddətinə uzadılmasına dair razılığa gəliblər. Danışıqlar ağır keçsə də, lakin neftin qiymətinin ucuzlaşmasını dayandırmaq cəhdi (bir barrel üçün $60-dan az) neft hasil edən ölkələrə güzəştə getməyə imkan yaratdı.

Dekabrın 7-də qəbul olunan OPEC+ üzrə yeni sazişə əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar. OPEC ölkələri neft hasilatının 2,5%, qeyri-OPEC ölkələri – 2% azalmağa dair öhdəlik götürüb.

Azərbaycan OPEC+ ilə razılıq çərçivəsində 2019-cu ilin yanvar ayından etibarən gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 20 min barrel – 776 min barrelədək azaltmaq öhdəliyi götürüb. Beləliklə, Azərbaycan 2016-cı ildən etibarən OPEC+ çərçivəsində 2 sazişə əsasən, gündəlik hasilatı 55 min barel azaltmaq öhdəliyi götürüb.

TÜRKİYƏDƏ TANAP İSTİFADƏYƏ VERİLDİ

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu qaz kəmərinin açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri iştirak ediblər.

“TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə və Azərbaycanın növbəti qələbəsidir. TANAP – tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini bilrikdə yazırıq. Bu, əməkdaşlıq, sabitlik tarixidir. Enerji layihələrimiz regiona sabitlik gətirir”, – İlham Əliyev bəyan edib.

Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi $7,99 mlrd. həcmində qiymətləndirilir. Türkiyəyə ilk kommersiya qazının tədarükünə iyunun 30-dan başlanılıb.

AZƏRBAYCAN “STAR” NEZ-İN İNKİŞAFINA DAHA $700 MLN. YATIRACAQ

Regional miqyaslı hadisələrdən biri də oktyabrın 19-da İzmirdə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “STAR” NEZ-in işə salınması mərasimi olub. İllik gücü 10 mln. ton neft təşkil edən “STAR” NEZ-in tikintisinə sərmayələr $6,3 mlrd. təşkil edib. Növbəti mərhələlərdə əlavə olaraq daha $700 mln. yatırılacaq

Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək. Gözlənildiyi kimi, “STAR” Türkiyənin $2,5 mlrd. həcmində neft məhsullarına olan cari tələbatını ödəyəcək.

SOCAR Polymer polipropilen zavodunu istifadəyə verdi

İyulun 18-də Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə Sumqayıtda “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.

Zavodun istehsal gücü ildə 184 min ton təşkil edir. Məhsulların 70%-i ixraca, 30%-i daxili istehlaka yönəldiləcək. “SOCAR Polymer” əsas istiqamət kimi Türkiyə, Rusiya, Avropa və Çin bazarlarını nəzərdən keçirir.

Gözlənildiyi kimi, yeni zavodun məhsulları hazırda Azərbaycana idxal olunan polipropilenin tam həcmini əvəz etməyə imkan yaradacaq.

“Rosneft” “STAR” NEZ-ə xam neftinin tədarükünə başlayıb

Sentyabrın 1-də SOCAR və “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti arasında ““Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında” saziş imzalanıb.

Həmçinin, 1 dekabr 2018-ci il tarixindən etibarən “Rosneft”Neft Şirkəti PSC SOCAR-a (ARDNŞ) məxsus Türkiyədəki “STAR” NEZ-ə xam neftinin tədarükünə başlayıb. İl ərzində tədarük həcmi 1 mln. ton təşkil etməlidir.

Sənədlər sentyabrın 1-də Soçidə Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında danışıqların yekunları üzrə imzalanıb.

BP Azərbaycanda əməliyyatlarını genişləndirir

2018-ci il aprelin 26-da SOCAR və BP arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında” saziş imzalanıb.

Milli Məclisin oktyabrın 12-də keçirilən iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında” sazişi ratifikasiya edilib.

Müqavilə ərazisinin sahəsi 3197 kvadratmetr təşkil edir. İndiyədək burada kəşfiyyat işləri aparılıb. Xəzərdə D230 blokunda seysmik tədqiqatlar 2 il davam edəcək. SOCAR D230 blokunu neft ehtiyatlarının aşkar olunması nöqteyi-nəzərindən perspektivli hesab edir, bu da ölkədə neft hasilatının sabitləşməsi məqsədilə Azərbaycan üçün əsas vəzifələrdən biridir.

“Equinor” nəhayət Azərbaycanda layihələr üzrə operator olacaq

Mayın 31-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişi imzalanıb. İyunun 29-da Milli Məclis sazişi ratifikasiya edib. Sənəd iyulun 5-də qüvvəyə minib. Layihənin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.

“Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” haqqında sazişə əsasən “Equinor” şirkəti 12 ay ərzində müqavilə sahəsində ehtiyatların qiymətləndirilməsi üçün bir kəşfiyyat quyusu qazacaq. Qazmanın nəticələri layihənin kommersiya cəhətdən əlverişliliyini təsdiq edərsə, işlər davam etdiriləcək. Əks halda, “Equinor” müqavilədən çıxmaq hüququna malikdir.

“Equinor” şirkəti 2019-cu ilin mart ayının ortalarında Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv strukturlar blokunda seysmik kəşfiyyat işlərinə başlamağı planlaşdırır.

SOCAR və BP Türkiyədə neft-kimya sahəsini birgə inkişaf etdirmək niyyətindədir

SOCAR Turkiye Enerji və BP Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıb.

Layihə Əliağa rayonunda illik 1,25 mln. ton saf tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsal edən müəssisənin tikintisini nəzərdə tutur.

Şirkətlər 2019-cu ildə bu layihə üzrə son investisiya qərarını qəbul etməyə və obyekti 2023-cü ildə istifadəyə verməyə ümid edirlər. Layihəyə sərmayələr $2,2 mlrd.-dan artıq həcmdə qiymətləndirilir. Layihə reallaşdırılacağı halda bu, Qərb yarımkürəsində inteqrasiya olunan PTA, PX və benzol istehsal edən ən iri kompleks və BP-nin 20 il əvvəl Çinin Çjixua şəhərində açdığı müəssisədən sonra aromatik karbohidrogenlər istehsalı üzrə ən iri platforma olacaq.

SOCAR Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin I mərhələsini başa çatdırdı

Dekabrın 21-də Heydər Əliyev adına Bakı neft emalı zavodunda yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılış mərasimi olub. Bununla da Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin ilk mərhələsi tamamlandı.

Yeni bitum qurğusunda “PEN 40/60” markalı yüksək keyfiyyətli bitum istehsal ediləcək ki, bu həcm ölkədaxili tələbatın təminatı üçün nəzərdə tutulur. Bitum qurğusu 7,7 hektar ərazini əhatə edir. Qurğunun istismara verilməsi ilə illik istehsal 250 min tondan 400 min tona çatdırılacaq. Yeni qurğu enerjiyə daha çox qənaət edəcək, ekoloji durumun yaxşılaşdırılmasına töhfə verəcək.

Birinci mərhələ çərçivəsində tikilməsi nəzərdə tutulan 13 əsas qurğunun yeri köhnə qurğulardan təmizlənib.

2020-ci ilin sonunda BNEZ-in yenidən qurulmasının ikinci mərhələsinin yekununda “Avro-5” standartları üzrə dizel yanacağının istehsalı, üçüncü mərhələnin yekunları üzrə “Avro-5” standartları üzrə Aİ 92/95/98 markalı avtomobil benzininin istehsalı təşkil olunacaq.

Layihə $2,2 mlrd. məbləğində qiymətləndirilir. SOCAR bütün işləri 2021-ci ilin ortalarınadək başa çatdırmağı planlaşdırır.

TOTAL və SOCAR nəhayət “Abşeron”da qazma əməliyyatlarına başlayıb

Fransanın TOTAL və SOCAR şirkətləri Xəzərin Azərbaycan sektorunda “Abşeron” yatağında ABD-001 quyusunda ilk qiymətləndirmə və hasilat qazma işlərinə başlayıb.

Ümumilikdə qazma işləri 379 gün davam edəcək. Qazma işləri suyun 450 metr dərinliyində H.Əliyev adına yeni yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilir. Quyunun gözlənilən sutkalıq debiti 2 min ton kondensat və 4,3 mln. kubmetr qaz təşkil edir.

“Abşeron” yatağının işlənməsi üzrə I faza illik 1,5 mlrd. kubmetr qaz hasilatını nəzərdə tutur. İndiki mərhələdə hasilatın həcmi illik 1,5 mlrd. kubmetr qaz təşkil edə bilər, layihə çərçivısində bu rəqəm illik 5 mlrd. kubmetrə çata bilər.

Birinci mərhələ çərçivəsində hasil olunan qazın tam həcmi Azərbaycanın daxili bazarına yönəldiləcək. **

Nigar Abbasova