7 min kilometrlik ticarət yolu üstündə Azərbaycanın tranzit imkanları sürətlə genişlənir…

710

ABŞ-ın İrana qarşı genişlənənsanksiyaları ilə əlaqədar“Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin reallaşmasında problemlər olacağına dair verilən proqonozlar özünü doğrultmur. Əksinə, real vəziyyətin təhlili digər iştirakçılarla birlikdəAzərbaycan üçün də mühüm əhəmiyyət kəsb edən bu layihənin çəkilişi istiqamətində işlərin daha intensiv xarakter aldığını göstərir.  İranın yollar və şəhərsalma naziri Məhəmməd İslaminin sözlərinə görə, ölkəsi ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın nəticəsində birgə layihələrin reallaşması istiqamətində zəruri addımlar atılır.

Nazir bildirib ki, Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun istifadəyə verilməsi qarşılıqlı iqtisadi əməkdaşlıq əlaqələrinə böyük təkan verəcək. Onun sözlərinə görə, hazırda hər iki dövlət Qəzvin-Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edir. Bu yol İranı Rusiya və Avropa, Azərbaycanı isə Fars körfəzi ölkələri ilə birləşdirəcək. “Şimal-Cənub“ dəhlizi çərçivəsində inşa edilən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi tam hazırdır, Rəşt-Astara hissəsində isə işlər sürətlə davam edir. Bu yolun işə düşməsi İranla Azərbaycan arasındakı ticarət dövriyyəsini dəfələrlə artıracaq və hər iki dövlətin iqtisadi inkişafına əsaslı təkan verəcək. Eyni zamanda, belə vəziyyət Fars körfəzi ölkələrinin, o cümlədən Hindistanın Azərbaycan üzərindən daha çox yük daşımasına rəvac verəcək.

Xüsusən də Hindistanın bu dəhlizə qoşulması mühüm əhəmiyyət kəsb edir. Xatırldaq ki, dəhlizə qoşulmaq məqsədilə Hindistan İranın Çabahar limanının yenidən qurulması üçün 2 milyard dollar həcmində sərmayə yatırıb. İran hökuməti isə artıq Çabahar limanını Azad İqtisadi Zona (AİZ) elan edib. Onu da qeyd edək ki, müəyyən siyasi prosesləri nəzərə alan ABŞ İrana qarşı iqtisadi sanksiyaları gücləndirsə də, Çabaharı sanksiyalar siyahısından çıxarıb. Hazırda İranın Sakit okean sahilində yeganə limanı olan Çabaharın inkişafı “Şimal-Cənub“ dəhlizinin tam olaraq formalaşmasında mühüm rola malikdir. Cənubdan şimala və əks istiqamətə yüklərin daşınması məhz Azərbaycan ərazisindən istifadə olunaraq həyata keçiriləcək. Azərbaycanla İranın dəmir yolları sistemləri, yuxarıda qeyd olunduğu kimi, Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti ilə artıq birləşib və Rusiya ilə İran arasında idxal-ixrac əməliyyatları həyata keçirilir. Lakin “Şimal-Cənub“ bütövlükdə  Asiya ilə Avropanı birləşdirir. Bu dəhlizlə Asiya ölkələrinin ixrac yükləri Çabahara, oradan isə Qəzvin-Rəşt-Astara dəmir yolu vasitəsilə Azərbaycan və Rusiya ərazilərindən keçməklə Avropaya daşınacaq. Onu da bildirək ki,   Hindistandan Fars körfəzinə, oradan Azərbaycana, daha sonra isə Rusiya və Avropaya qədər uzanacaq “. Şimal-Cənub” dəhlizindən Mərkəzi Asiya respublikaları da faydalanacaq. İstər İrandan, istərsə də Cənub-Şərqi Asiya ölkələrindən Mərkəzi Asiyaya və əks istiqamətə daşınacaq yüklər də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə həyata keçiriləcək. Bu istiqamətdə də Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin rolu böyükdür.

Amma “Şimal-Cənub“ dəhlizinin formalaşmasında və İranın limanlarının inkişafında maraqlı olan təkcə Hindistan deyil. Ötən həftə Avstraliyanın İrandakı səfiri Yan Biggs İranın Sənayenin İnkişafı Təşkilatının sədri Nuri Əhmədi ilə görüşündə bildirib ki, iki ölkə dəniz nəqliyyatı sahəsində yaxın əməkdaşlıq edərək idxal-ixrac əməliyyatlarını daha səmərəli şəkildə həyata keçirməlidir. Səfir Bəndər Abbas limanına səfər edərək limanın imkanları ilə tanış olub. Bu fakt onu deməyə əsas verir ki, Avstraliya nəqliyyat əlaqələrini İranla məhdudlaşdırmaq fikrində deyil. Avstraliya da Avropa və dünyanın digər bölgələri ilə iqtisadi əlaqələrini genişləndirmək niyyətindədir. Bunun üçün isə, səfirin dediyi kimi, dəniz nəqliyyatı sahəsində əməkdaşlıq zəruridir.

Bütün deyilənləri nəzərə alaraq qeyd edək ki, dəhlizin formalaşması istiqamətində atılan addımlar Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək. Asiya dövlətlərinin “Şimal-Cənub“ dəhlizinə yüksək maraq göstərməsi isə Azərbaycan üçün kifayət qədər uğurlu hal sayılır. Belə ki, Azərbaycan ərazisindən yüklərin Avropaya daşınması həm Rusiya, həm də Türkiyə üzərindən həyata keçirilə bilər. Bunun üçün ölkəmizdə infrastruktur tam hazır vəziyyətdədir. Elə bu fonda Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi Asiya ölkələrinin diqqətindən yayınmayıb. Bu ölkələrdə aydın görürlər ki, yüklər Azərbaycana çatdıqdan sonra onun Avropaya daşınması üçün heç bir problem yoxdur. Bakı-Tiflis-Qarsla yanaşı, Bakı Beynəlxalq Ticarət limanı, Ələt-Astara magistral yolu və yüzlərlə digər infrastruktur layihələri artıq Azərbaycana marağı daha sürətlə artırır.  Rusiya- Dövlət Dumasının deputatı Dmitri Savelyev isə bu fonda bildirir ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi əsrin layihəsidir:  “Şimal-Cənub” dəhlizi faktiki olaraq Süveyş kanalına alternativ təşkil edir. Onun Hindistanın Mumbai limanından bizim Sankt-Peterburqa qədər 7,2 min kilometr məsafədə uzanan quru və dəniz marşrutları ilə yüklər təxminən 30-40 faiz daha sürətlə daşınacaq. Azərbaycan marşrutun istifadəyə verilməsi üçün infrastruktur üzərində işləri başa çatdırıb. Bundan başqa, Azərbaycan tərəfi İran Astarasında terminal istifadəyə verib və qonşu ölkəyə Xəzərin sahillərlinədək uzanacaq Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsi üçün kredit ayırıb. Bütün iştirakçı ölkələr üçün layihə müstəsna əhəmiyyətə malikdir” .