Dünya neft oyunçularının gözü Bakıda – martın 18-də nələr olacaq…

365

Neft bazarında cərəyan edən son proseslər burada hələ də qiymətlərin sabitləşməsinin tam mümkün olmadığını üzə çıxarır. Belə vəziyyətdə hasilatçı ölkələr daha qətiyyətli addımlar atılmasının vaciblyini bəyan edir. Bu xüsusda əsas müzakirələr, artıq məlumat verildyiy kimi, gələn ay OPEK+ sazişinə qoşulan ölkələrin Bakıda baş tutacaq görüşlərində reallaşacaq.

Xaırladaq ki, OPEK+ sazişinin icrasına dair Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclası martın 18-də Bakıda keçiriləcək. OPEK+ formatı iştirakçılarının iştirak edəcəyi görüşdə həm də ötən ay qüvvəyə minən yeni OPEK+ sazişinin icrası monitorinq ediləcək. Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEK və qeyri-OPEK nazirlərinin sayca beşinci müşavirəsində 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən gündəlik hasilatı 1,2 milyon barrel azaltmaq barədə razılıq əldə edilmişdi. Yeni qərara əsasən, Azərbaycan 2019-cu ilin yanvar ayından gündəlik hasilatı təqribən 20 min barrel azaltmaq öhdəliyi götürüb. Ümumiyyətlə, Azərbaycan neftin qiymətinin sabitləşdirilməsi məqsədilə OPEK çərçivəsində irəli sürülən təşəbbüsləri ilk vaxtdan dəstəkləyib. 2016-cı ildən etibarən Azərbaycan OPEK+ formatında neft bazarının balanslaşdırılması prosesinin fəal iştirakçısı olub və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib. 

Yayılan məlumatlardan isə belə bəlli olur ki, OPEK+ ölkələrinin Bakı görüşü bəzi parametrlər baxımından daha mühüm əhəmiyyət kəsb edə bilər. Məsələ burasındadır ki, Səudiyyə Ərəbistanı və onun Fars körfəzindəki müttəfiqləri OPEK+  dövlətləri ilə artıq rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanmasının tərəfdarıdır. Bu sazişin əsas məqsədi dünya neft bazarında vəziyyətə birgə təsir etmək cəhdi olacaq. “The Wall Street Journal”  nəşri OPEK-dəki rəsmi şəxslərə istinadən yazır ki, bu təklif OPEK-lə, Rusiya başda olmaqla, bir neçə ildir əməkdaşlıq edən neft istehsalçısı ölkələr arasında qeyri-formal ittifaq yaratmağa imkan verəcək. O cümlədən, belə tərəfdaşlıq çərçivəsində növbəti 3 il ərzində müntəzəm birgə görüşlərin keçirilməsi nəzərdə tutula bilər.

Eyni zamanda, qəzetin mənbəyinin sözlərinə görə, İran və digər istehsalçı ölkələr Səudiyyə Ərəbistanı və Rusiyanın dominantlıq edəcəyindən çəkinərək daha sıx əməkdaşlığa qarşı çıxır. Məlumatda OPEK-lə Rusiyanın başçılıq etdiyi 10 istehsalçı ölkə arasında razılaşmaların müzakirəsinin ilk olaraq Vyanada keçiriləcəyi qeyd olunur. Daha sonra bu məsələ Bakıda diqqət mərkəzində yer alacaq. O da vurğulanır ki, müzakirələrdən sonra yekun saziş üzrə anlaşma əldə olunacağı gözlənir. “The Wall Street Journal”ın məlumatına görə, neft istehsal edən ölkələr arasında daha sıx əməkdaşlığın hansı yeni formatda olacağı ilə bağlı bir neçə variant var. Amma istənilən halda, OPEK qiymətlərin sabit həddə qalmasında xüsusi maraqlı tərəf kimi çıxış edir. Xüsusən də Venesueladakı olaylar fonunda qiymətlərin necə olacağı xüsusi diqqət mərkəzində yer alır. OPEK-in baş katibi Məhəmməd Barkindo məsələ ilə bağlı qeyd edir: “Neft İxrac Edən Ölkələr Birliyi Venesueladakı vəziyyəti böyük narahatlıqla izləyir”. Onun sözlərinə görə, hələlik məlum hadisələrin qlobal neft bazarına necə təsir edəcəyi məlum deyil: “Lakin biz yenicə ən uzun və ən ağır tənəzzüldən çıxmışıq. Ən azı, bazarın və ya sənayenin bu böhran quyusuna yenidən düşməsinə imkan verməyəcəyik. Buna görə də 2019-cu ilin hamımız – OPEK və OPEK+ ölkələri, eyni zamanda istehlakçı ölkələr üçün balanslaşdırılmış bazar olaraq qalmasında maraqlıyıq”.

Vəziyyət indiki şəkildə davam edərsə, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Məhəmməd Al Mazroueinin sözlərinə görə, OPEK və müttəfiqləri fövqəladə yığıncaq keçirərək atılacaq addımları müzakirə etməyə hazırdır. Nazir qeyd edib ki, neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması qiyməti tarazlaşdırmaqda yetərsiz olacağı təqdirdə OPEK və OPEK+ ölkələri fövqəladə görüş keçirməyə, atılacaq addımları müzakirə etməyə hazırdır: “OPEK və qeyri-OPEK ölkələrinin yanvar ayından gündəlik neft istehsalını 1,2 milyon barrel səviyyəsində azaltmaları bazarda tarazlığı təmin etməlidir. Əks təqdirdə hasilat daha çox azala bilər.  Bu prosesin 2019-cu ilin ilk aylarında olması gözlənir. Neft istehsalının azaldılmasına dair razılaşmanın müddətinin uzadılması üçün hər hansı problem olmayacaq və istehsalçılar bazarın tələbinə cavab verəcək”. Hesab edilir ki, bütün bunlar neft bazarında qiymətlərin yüksəlməsinə təsir edəcək. Əks təqdirdə OPEK+ ölkələri hasilatı daha çox azalda bilər. Hər halda, proseslərin gedişinə OPEK+ ölkələrinin Bakı görüşündə daha qəti şəkildə aydınlıq gətiriləcək.

Tahir TAĞIYEV