Transxəzər Nəqliyyat Dəhlizi Türk Şurasına üzv dövlətlər üçün böyük əhəmiyyət daşıyır

417

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreev Qırğızıstana səfəri çərçivəsində bu ölkənin nəqliyyat və yollar naziri Zhanat Beyshenov, Ticarət Palatasının sədri Marat Sharshekeev, Gənclər və İdman Agentliyinin direktoru Marat Amankulov ilə görüşlər keçirib.

TDƏŞ-in katibliyindən AZƏRTAC-a bildirilib ki, Z.Beyshenov ilə keçirilən görüşdə Transxəzər və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışan TDƏŞ-in baş katibi Türk Şurasında üzv ölkələr arasında nəqliyyat və daşınmalar sahəsindəki əməkdaşlığın genişləndirilməsi üçün görülən işlərdən bəhs edib. O, apreldə keçirilməsi nəzərdə tutulan TDƏŞ-in nəqliyyat nazirlərinin növbəti iclasından müzakirə olunacaq məsələlər barədə məlumat verib və naziri bu il Aktauda təşkili planlaşdırılan III Qardaş Limanlar toplantısına dəvət edib.

B.Amreevin Ticarət Palatasının sədri M.Sharshekeevlə görüşündə Türk Şurasına üzv olan ölkələrin birgə sərmayə fondu, birgə ticarət və sənaye palatasının qurulmasına dair səmərəli fikir mübadiləsi aparılıb.

TDƏŞ-in baş katibinin Gənclər və İdman Agentliyinin direktoru M.Amankulovla görüşündə isə ötən ilin noyabrında keçirilən Birinci Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunda əldə olunan uğurlardan danışılıb. Həmçinin 2020-ci ildə Türkiyənin ev sahibliyi edəcəyi Dünya Köçəri Oyunlarında Türk Şurasına üzv dövlətlərinin fəal iştirakı məsələləri müzakirələr olunub.

B.Amreevin Qırğız Respublikasına səfəri Bişkekdə Prezident Sooronbay Jeenbekov ilə görüşlə başlayıb. Qırğız dövlətinin başçısı ilə görüşdə Türk Şurasının fəaliyyətinə dair bir sıra məsələlərlə yanaşı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu il oktyabrın 3-də Azərbaycanda keçirilməsi planlaşdırılan VII Sammitinə hazırlıq işləri müzakirə edilib.

a© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır