Dünyanın Hindistan və Çin kimi iqtisadi güc mərkəzlərinin də diqqəti Azərbaycanın imkanlarına yönəlir…

490

Ölkənin coğrafi mövqeyindən səmərəli şəkildə istifadə edilməsi, nəqliyyat infrastrukturunun formalaşması istiqamətində atılan addımlar dünya miqyasında Azərbaycana daha çox diqqət verilməsinə səbəb olmaqdadır. Burada məsələnin maraqlı tərəflərindən biri dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrin yükdaşımalar sahəsində Azərbaycanla əməkdaşlığa getdikcə daha çox önəm verməsidir. Qeyd edilənlərə konkret nümunə qismində Çin və Hindistanı göstərmək olar.

Artıq Çin Azərbaycan üzrindən yüklərini Avropaya və əks istiqamətə daşımaq yönündə genişmiqyaslı işlərə start verib. Bu arada bəlli olub ki, Hindistan yükləri də gözlənildiyindən daha böyük həcmdə Azərbaycandan keçməklə Avropaya daşınacaq. Bu xüsusda “Rusiya Dəmir Yolları” ASC ilə Hindistanın Konteyner Korporasiyası arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tamamilə formalaşmasına dəstək verəcək. Sənədə görə, Korporasiya Hindistanın və bu ölkə üzərindən “Şimal-Cənub”  vasitəsilə ixrac əməliyyatı həyata keçirən ölkələrin yüklərini daşıyacaq. Beynəlxalq yükdaşıma sahəsində ixtisaslaşan Korporasiya yükləri Mumbaidən İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanına, buradan isə dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşıyacaq. Burada söhbət Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolundan gedir.

“The Economic Times” qəzeti yazır ki, İranla Rusiyanın dəmir yolları Azərbaycan vasitəsilə artıq birləşib. İran Astarası ilə Azərbaycanın Astarası arasında dəmir yolu körpüsü tikilib istifadəyə verilib. Bu yolun Rəşt-Astara hissəsinin tikinti işləri həyata keçirilir və gələn il istifadəyə verilməsi gözlənir. İqtisadi sanksiyalara baxmayaraq, İran bu yolun tikintisini davam etdirir. Azərbaycan tərəfi də yolun inşasına 500 milyon dollar investisiya yatırıb. Qəzet vurğulayır ki, Azərbaycan elə bir əlverişli coğrafi mövqeyə malikdir ki, buradan Gürcüstan vasitəsilə də Avropaya yükdaşımalar həyata keçirmək olar. Bunun üçün Bakı-Tiflis-Qars dəmir yolu fəaliyyət göstərir. Qərbi Avropaya daşınan yüklər Azərbaycan-Rusiya-Avropa marşrutu, Şərqi Avropa ölkələrinə isə Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə daşına bilər. Beləliklə, Azərbaycan hər iki halda logistik mərkəz kimi çıxış edir və tranzit məkana çevrilir.

Bu arada qeyd edək ki, “Şimal-Cənub” dəhlizinin əsas komponenti olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin Rəşt-Astara hissəsində isə işlər davam edir. İran Astarası ilə Azərbaycan Astarası arasında 8,5 kilometrlik dəmir yolu istifadəyə verilib və fəaliyyətini davam etdirir. Rusiyanın xarici siyasət tədqiqatları institutunun direktoru Veronika Kraşennikova bildirir ki, Rusiya ilə İranın qarşılıqlı iqtisadi əlaqələrində milli valyutadan istifadə edilməsi ticarət dövriyyəsinin daha da artmasına səbəb olacaq: “2017-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 1 milyard 707 milyon dollar olub. Lakin 2018-ci ildə bu rəqəm 1 milyard 740 milyon dollaradək artıb. Ticarət dövriyyəsinin artımı idxal-ixrac əməliyyatlarının həcminin artması ilə müşahidə edilir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiya ilə İran arasındakı idxal-ixrac əməliyyatları Azərbaycan üzərindən həyata keçirilir. Bu isə Azərbaycanın tranzit gəlirlərinin artması deməkdir. Rusiya ilə İran arasındakı ticarət dövriyyəsinin 2018-ci ildə artması təsadüfi deyil. Bu artım məhz Astara (Azərbaycan)-Astara (İran) şəhərlərini birləşdirən dəmir yolu xətti istifadəyə verildikdən sonra müşahidə edilib. Qəzvin-Rəşt-Astara yolunun Rəşt-Astara hissəsi istifadəyə verildikdən sonra isə hər 3 ölkənin dəmir yolları sistemləri birləşəcək və bu, Rusiyaya körfəz sahillərinə çıxmaq imkanı yaradacaq. Təbii ki, bu fakt həm idxal-ixrac əməliyyatlarının, həm də Azərbaycan ərazisindən tranzit yüklərin daşınması həcminin artmasına təsir göstərəcək”. Onu da bildirək ki,  Rusiya “Şimal-Cənub” dəhlizi vasitəsilə həyata keçirdiyi idxal-ixrac əməliyyatlarını yalnız İranla məhdudlaşdırmaq fikrində deyil.  Belə ki, “Şimal-Cənub” dəhlizi yalnız Rusiya-İran, Hindistan-Rusiya arasında deyil, bütün Cənub-Şərqi Asiya və Körfəzi ölkələri ilə Avropa arasında yükdaşıma funksiyasını yerinə yetirəcək. Körfəz ölkələri Bəndər-Abbas, Cənub-Şərqi Asiya ölkələri isə Çabahar limanı vasitəsilə yüklərini İrana çatdıracaq və buradan da Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə yüklər Rusiya və Avropa daşınacaq. Azərbaycana çatan yüklər Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropaya daşına bilər. Bakı-Tiflis-Qars dəmir yolu ilə yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt-Astara avtomobil yolu və başqa layihələr də yükdışmalar baxımından böyük diqqət cəlb edir. Beləliklə, görünən budur ki,  “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycandan keçməsi ölkəmizə böyük iqtisadi dividendlər vəd edir. Pespektivdə isə “Şərq-Qərb”, “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin də işə düşməsi, ümumiyyətlə, Azərbaycanı Avrasiyada bir nömrəli nəqliyyat qovşağına çevirir. Bu həm də ölkəyə qeyri-neft sektoru üzrə böyük miqdarda valyuta axını deməkdir.