Azərbaycan Qaz İxrac Edən Ölkələr Forumunun tam üzvlüyünə bir addım da yaxınlaşdı…

448

Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumunda (GECF) fəaliyyət statusunu dəyişməyi nəzərdən keçirməklə bağlı təkliflər daha da aktuallaşmağa başlayıb. İlk olaraq bu təklif Rusiyanın energetika nazirinin müavini Anatoli Yanovski tərəfindən səslənib. Hesab edilir ki, Azərbaycanın müşahidəçi statusuna baxmayaraq, Azərbaycan nümayəndələri bütün forum tədbirlərində ardıcıl olaraq iştirak edirlər.

Bundan əlavə, Yanovski qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq uzun illərdir yaxşı qonşuluq və strateji tərəfdaşlıq prinsipinə əsaslanır: “Ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığı energetika sahəsində dialoqun güclənməsinə böyük töhfə verir. İki ölkə arasında ikitərəfli gündəliyin və OPEK+ əməkdaşlığının həyata keçirilməsi də daxil olmaqla çoxtərəfli əməkdaşlıq məsələlərində ikitərəfli əməkdaşlığın aktual dinamikasını qeyd edirik”.

Məlumat üçün qeyd edək ki, Qaz İxrac Edən Ölkələr Forumu təbii qaz ixracatında dünyanın qabaqcıl ölkələri birliyidir. Azərbaycan 2015-ci ilin noyabrında təşkilatda müşahidəçi statusu alıb. Qısa müddət ərzindəki müşahidəçilik statusundan sonra artıq Azərbaycanı həmin qurumda bərabərhüquqlu üzv kimi görmək istəyirlər. Təbii ki, bu, Azərbaycanın qaz sahəsində reallaşdırdığı “Cənub Qaz Dəhlizi” kimi meqalayihənin ərsəyə gəlməsilə bağlıdır. Əgər ilkin olaraq həmin layihədə iştirak edən ölkələrin sayı 3 idisə, hazırda 17 ölkə buna maraq göstərir. Onlardan 10-nu birbaşa layihədə iştirak edir. Bütün bu nailiyyətlər Azərbaycanı dünyanın vacib qaz ixracatçıları ilə eyni qurumda təmsil olunmasına tam əsas verirmi?

Azərbaycan artıq yalnız neft ixracatçısı kimi deyil, həm də vacib qaz tədarükçüsü kimi tanınır. Azərbaycan dövlət üçün nəhəng neft və qaz ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılması ən mühüm məsələlərdən biri olub. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tiflis-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. NABUCCO da daxil olmaqla, təklif edilən müxtəlif variantlar ətrafında aparılan çoxsaylı müzakirə nəticə vermədiyinə görə Azərbaycan növbəti dəfə öz liderlik keyfiyyətlərini nümayiş etdirib və yeni “Cənub Qaz Dəhlizi” ideyasını irəli sürüb.

2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat – Strateji enerji əməkdaşlığına dair memorandum imzalayıb və bununla da “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə bağlı tarixi addım atılıb.

2015-ci ildə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının birinci iclası, sonrakı illərdə isə daha üç toplantı keçirilib və layihənin reallaşdırılması ilə bağlı mühüm qərarlar qəbul olunub.

Beləliklə, Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində “Cənub Qaz Dəhlizi”nin 4 komponenti – “Şahdəniz-2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunub və layihənin gerçəkləşdirilməsinə başlanıb.

“Cənub Qaz Dəhlizi”nin uzunluğu 3,5 min kilometr təşkil edir. Kəmər 1,2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edəcək. Layihə 40 milyard dollar həcmində dəyərləndirilir.

Ötən il iyunun 12-də TANAP-ın rəsmi açılışından sonra Türkiyə bazarına 6 milyard kubmetr qaz ötürüləcək, 2020-ci ildə isə daha 20 milyard kubmetr qaz Avropaya nəql ediləcək. 2026-cı ilə kimi kəmərin ötürmə qabiliyyətinin 31 milyard kubmetrədək artırılması mümkündür. Növbəti mərhələdə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər.

Azərbaycanın hazırda kifayət qədər qaz ehtiyatı mövcuddur: “Bizim “Şahdəniz”, “Abşeron” “Babək”, “Ümid” , “Qarabağ ” strukturu kimi qaz yataqlarımız var. Bu yataqlarda olan ehtiyatlar ölkəmizin daxili tələbatını ödəməklə yanaşı, bir sıra ölkələrlə əməkdaşlıq etməyə imkan verir. Azərbaycan bir neçə ildir Gürcüstanın qaz təminatının 97-98 faizini ödəyir. Gürcüstanın hazırda qaza olan tələbatı 2,4 mlrd. kubmetrdən yuxarı bir rəqəmdir və Azərbaycan bunu tam şəkildə ödəməyə qadirdir. Bundan başqa, ölkəmiz Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsilə Türkiyəyə qaz ixrac edir. Məsələn, qardaş ölkəyə ötən il 7 mlrd. kubmetrə yaxın həcmdə qaz ixrac etmişik. Əlavə qaz həcmlərinə gəldikdə isə, bu həcmlər tam şəkildə sənaye istismarına verildikdən sonra 6 mlrd. kubmetr boru-kəmər qazı ixrac ediləcək. Ölkəmizin qarşıdakı illərdə daxili təminatını ödəmək və öhdəlik götürdüyü dövlətlərin tələbatı üçün kifayət qədər qaz ehtiyatı mövcuddur. Bu baxımdan, Azərbaycan qaz ehtiyatları olan və həmin ehtiyatları xarici bazara çatdırmaq üçün mühüm infrastruktura malik ölkə kimi GECF-in bərabərhüquqlu üzvü olmağa layiqdir.