İtaliyanın tanınmış nəşri Bakı Limanına həsr olunan məqalə dərc edib

376

İtaliyanın məşhur “Atlantis” jurnalının “Country Focus” bölməsində Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında məqalə dərc olunub.

Limandan AZƏRTAC-a bildirilib ki, ekspert Domeniko Letizia məqalədə Bakı Limanının logistik və əməliyyat imkanları, limanın ölkə iqtisadiyyatına və regionun inkişafına, o cümlədən qeyri-neft sektorunun inkişafına verdiyi töhfə kimi məsələlərə toxunub.

Məqalənin əvvəlində ekspert Prezident İlham Əliyevin Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və ölkə iqtisadiyyatının şaxələndirilməsi haqqında danışıb. Ekspertin sözlərinə görə, yeni Bakı Limanı beynəlxalq nəqliyyat zəncirinin ayrılmaz bir hissəsidir və ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.

Bundan əlavə, D.Letizia Bakı Limanında ən son texnologiyaya uyğun, müasir standartlara cavab verən liman avadanlıqlarının istifadə edilməsi, limanın əməliyyatlarının rəqəmsallaşdırılması, o cümlədən ətraf mühitin qorunması istiqamətində atılan önəmli addımlara da toxunub. Onun sözlərinə görə, yeni Bakı Limanı tam olaraq dünya standartlarına uyğun fəaliyyət göstərir. Bakı Limanının qısa zamanda əldə etdiyi ISO 140001:2005 ətraf mühitin mühafizəsi, ISO 9001:2015 keyfiyyət idarəetmə standartı kimi beynəlxalq sertifikatları vurğulayır. Əlavə olaraq, ekspert Bakı Limanının Xəzər hövzəsində ilk dəfə olaraq Yaşıl Liman statusunu almağa namizədliyi, o cümlədən PERS (Liman Ətraf Mühitinin Dəyərləndirilməsi Sistemi) sertifikatı haqqında danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır