ADDA-nın Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib

1950


DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasında Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr və müavinlərinin seçkiləri keçirilib. Tələbələrin nümayəndələrinin və Akademiya rəhbərliyinin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən Tədris və tərbiyə İşləri üzrə prorektor, professor Zahid Şərifov hər iki qurumun təhsil prosesində əhəmiyyətindən söz açıb. Bildirib ki, həm Tələbə Gənclər Təşkilatı, həm də Tələbə Həmkarlar İttifaqı Komitəsi öz fəaliyyətində daim tələbə heyətinin maraqlarını qorumaqla yanaşı, professor-müəllim heyəti ilə də sıx əməkdaşlıq edib. Z. Şərifov hər bir təhsil ocağında belə qurumların fəaliyyətini çox müsbət hal kimi qiymətləndirərək, gələcəkdə bu əməkdaşlığın daha möhkəm olacağına əminliyini qeyd edib.

ADDA-nın Tələbə Gənclər Təşkilkatının sədr müavini Vurğun Cəfərov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin keçmiş sədri Laçın Babayev son iki ildə görülmüş  işlər barədə məlumat veriblər.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Ramin Həbibzadə öz çıxışında ADDA-nın Tələbə Gənclər Təşkilatının respublika əhəmiyyətli tədbirlərdə fəal iştirakından danışıb. Ümidvar olduğunu bildirib ki, yeni seçilmiş heyət də bu fəaliyyəti davam etdirəcək.

Akademiyanın Ümumi İşlər üzrə prorektoru, dosent Əlimərdan Quliyev Azərbaycanda Tələbə Gənclər Təşkilatlarının yaradılması tarixindən danışıb, seçkilərdə iştirak edən namizədlərə uğurlar arzulayıb.

Sonra Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttifaqının üzvləri açıq səsvermə yolu ilə sədr və sədr müavinlərini seçiblər.

Səsvermənin nəticələrinə əsasən, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının 196 A2 qrupunun tələbəsi Vurğun Cəfərov Tələbə Gənclər Təşkilatının sədri, həmin ixtisasın 198 A1 qrupunun tələbəsi Abbas Əmirbəyov onun müavini, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının 197 A qrupunun tələbəsi Turqut Əziziov Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, “Elektrik mühəndisliyi” ixtisasının 367 A2 qrupunun tələbəsi Ələddin Sadıqov isə sədrin müavini seçilib.

Sonda Akademiyanın rəhbərliyi TGT və THİK-in yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək, onlara bu məsuliyyətli missiyada uğurlar arzulayıb.