Azərbaycanın qaz strategiyasının özünü tam doğrultduğuna yeni sübutlar…

460

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolu bu gün Qərb dövlətlərinin ölkəmizlə əməkdaşlığa daha çox maraq göstərməsi ilə müşayiət edilməkdədir. Bu fonda cari ilin sonunda inşasının tamamlanması gözlənilən “Cənub Qaz Dəhlizi”nə qoşulmaq istəyən ölkələrin sayında da artım müşahidə olunur.

Məsələn, Macarıstan “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulmaqda maraqlı olduğunu açıqlayıb. Yayılan məlumatlardan aydın olur ki, Balkan ölkələri də tezliklə “Cənub Qaz Dəhlizi”nə qoşula bilər. Artıq  Xorvatiya da  “Cənub Qaz Dəhlizi” layihəsində iştirak etməkdə maraqlı olduğunu bildirib. Rəsmi Bakı isə “Cənub Qaz Dəhlizi”nə qoşula biləcək ölkələrlə əməkdaşlığa hazır olduğunu bəyan edir.

Bütün bunlar qarşıdakı dövr ərzində Azərbaycanın qaz ixracında mövqelərinin daha da güclənməsini, eyni zamanda satışdan daha çox gəlir əldə etməsini şərtləndirir. Təbii ki, bu hal, öz növbəsində, ölkə iqtisadiyyatının güclənməsinə də vacib töhfələr verəcək və bu, beynəlxalq miqyasda da açıq etiraf olunur. Məsələn, Beynəlxalq Valyuta Fondunun “Regional Economic Outlook” adlı son hesabatında Azərbaycanın qaz satışından daha çox gəlir əldə edəcəyinə diqqət çəkilir. Hesabatda vurğulanır ki, bu il Mərkəzi Asiya və Cənubi Qafqazda yerləşən neft-qaz ixrac edən ölkələrin 4%-lik böyüməsi gözlənilir. Hesabata görə, Azərbaycanda qaz hasilatının artmasının qlobal aşağı neft qiymətlərinin və xam neft hasilatının azaldılmasına təsirlərini azaldacağı gözlənilir: ”Yeni qaz kəmərinin açılması, həmçinin büdcə xərclərinin iqtisadiyyata yönəldilməsi və xidmət sektorunun inkişaf etdirilməsinin davamı Azərbaycanın iqtisadi böyüməsinin əsasını təşkil edəcək”.  Qeyd olunur ki, belə vəziyyətdə aşağı inflyasiya Azərbaycan və regionda olan neft-qaz idxalçılarına yumşaldılmış pul siyasəti üçün meydan açıb. Qeyd edək ki, son dövrlər ərzində Azərbaycan təbii qaz ixracını artırır. Təkcə bu ilin ilk rübündə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2,971 milyard kubmetr həcmində təbii qaz ixrac edib. Bu həcmdə təbii qazın dəyəri 425,389 milyon dollar təşkil edib. Bu ilin yanvar-mart ayları ərzində ixrac edilən təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 3,2 dəfə, dəyəri isə 2,5 dəfə artıb. Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 9,49% olub. Amma ilin sonunda “Cənub Qaz Dəhlizi”nin işə düşməsilə bağlı olaraq təbii qaz satışının həcmi və müvafiq olaraq gəlirlərinin də əhəmiyyətli dərəcədə artması proonozlaşdırılır.

İlin ilk rübündə qazın ixrac həcminin artmasının səbəblərinə gəlincə, bu, TANAP layihəsi ilə bağlıdır. Məhz bu layihə sayəsində Azərbaycan qardaş Türkiyəyə qaz ixracı həcmini getdikcə artırır. Ümumiyyətlə, Türkiyə bu vaxtadək TANAP-la 1,5 milyard kubmetr Azərbaycan təbii qazı alıb. SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey”in direktorlar şurasının sədri Vaqif Əliyev bu xüsusda bildirir: “Aprelin 1-dək TANAP vasitəsilə Türkiyəyə təxminən 1,5 milyard kubmetr Azərbaycan qazı daşınıb. Aprelin 15-də isə TANAP-ın ikinci fazasında son mərhələyə başlanılıb və sistemə qaz vurulub. Boru kəmərinin nəqletmə qabiliyyəti əlavə investisiyalarla ildə 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrədək artırıla bilər”.

Xatırladaq ki, TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 99 faizi başa çatıb. Boru kəməri bu il “Transadriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Məhz bu da Azərbaycana daha böyük həcmdə qaz ixracı üçün imkanlar yaradacaq. Digər tərəfdən, Azərbaycan “Cənub Qaz Dəhlizi” ilə təkcə öz qazını satmağı planlaşdırmır. Məlumdur ki, Avropa İttifaqı Türkmənistanın da “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulması üçün müvafiq addımlar atır. Türkmənistan tərəfi də yenidən layihəyə qoşulmaqla bağlı marağını ifadə edib. Eyni zamanda, Avropa İttifaqı İranın da “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulmaq imkanlarını müzakirə etməyə hazır olduğunu bəyan edir. Tehran özü də bu xüsusda maraqlı tərəf kimi çıxış edir. Bütün bunlar o deməkdir ki, Azərbaycan qonşu ölkələrin qaz ehtiyatlarının tranzitindən də böyük miqdarda gəlir əldə edə bilər.

Təbii qazla yanaşı, ölkə neft satışından da böyük həcmdə gəlir əldə etməkdə davam edir. Hazırda neftin satış qiymətləri Azərbaycanın nəzərdə tutduğundan daha yüksəkdir. Vaqif Əliyev bu xüsusda bildirir ki, SOCAR cari ilin sonunda neftin qiymətinin artacağını gözləyir: “2019-cu ilin büdcəsində neftin qiyməti 60 dollar müəyyən edilib. Neftin qiymətinin il ərzində dəyişkən olacağını, ilin sonunda isə bir qədər artacağını gözləyirik. Neftin qiymətinin artması bizim gəlirliliyimizə müsbət təsir göstərir. Bununla yanaşı, qlobal neft-qaz iştirakçısı kimi daha pis ssenarilər və aşağı istiqamətli risqlərə də hazırıq”. Bütün bunlar enerji resurslarının satışından Azərbaycanın daha çox gəlir əldə edəcəyini bir daha təsdiqləyir.