Avropada Azərbaycan qazına müştəri dövlətlərin sayı artır

398

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin son mərhələsi sayılan TAP layihəsinin sona yaxınlaşması fonunda Qərb dünyasında ölkəmizə, onun enerji ehtiyatlarına marağın daha da artması müşahidə olunur. Xatırladaq ki, artıq gələn ilin əvvəlindən bu kəmər vasitəsilə Azərbaycan qazı Avropanın müxtəlif ölkələrinə çatacaq. Amma indilikdə görünən həm də odur ki,  Azərbaycan qazını almaq istəyən Avropa dövlətlərinin sayı artır. Xüsusən də Bolqarıstan-Yunanıstan İnterkonnektorunun təməlinin atılması fonunda bu marağın artması müşahidə olunur.

Xatırladaq ki, Bolqarıstanın cənubunda, Kirkovo kəndi yaxınlığında Bolqarıstan-Yunanıstan İnterkonnektorunun təməlqoyma mərasimi keçirilib. Mərasimdə çıxış edən Bolqarıstan baş naziri Boyko Borisov qeyd edib ki, bu layihə təkcə iki ölkə üçün deyil, qərbi Balkan ölkələri, bütövlükdə isə Avropa üçün strateji əhəmiyyətə malikdir. Yunanıstan baş naziri Aleksis Tsipras isə bildirib ki, interkonnektor Balkan ölkələrini enerji habına çevirəcək. Artıq bu fonda Rumıniya və Serbiyanın da Azərbaycan qazını alması gündəmə gəlib.

Qeyd edək ki, Bolqarıstan-Yunanıstan İnterkonnektoru Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının ikinci fazası çərçivəsində hasil edilən qazın Bolqarıstana ixracı üçün nəzərdə tutulub. İnterkonnektor tezliklə TAP-a qoşulacaq. Bolqarıstan interkonnektoru vasitəsilə ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Xatırladaq ki, 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alınması ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan təbii qazı isə TAP boru kəməri ilə 2020-ci ilin əvvəlində Avropaya çatdırılacaq. Həmin il Yunanıstan-Bolqarıstan qaz şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi planlaşdırılır. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək. 182 kilometrlik interkonnektor Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var.

Yuxarıda qeyd olunduğu kimi, interkonnektorun işə düşməsi fonunda Rumıniya, Serbiya da Azərbaycan qazına maraq göstərməyə başlayıb. Macarıstan və bir sıra digər Şərqi Avropa, Balkan ölkələrinin Azərbaycan qazını idxal etmək imkanı qazanması onların ölkəmizə marağını artırır. Ekspertlər isə hesab edir ki, perspektivdə Türkmənistan və İranın da “Cənub Qaz Dəhlizi”nə qoşulması ilə Avropa ölkələri Azərbaycan üzərindən daha böyük həcmdə qaz ala biləcək. ABŞ-ın “The National Interest” dərgisi də bu fonda Azərbaycanın Qərb üçün əhəmiyyətinin daha da artdığını yazır. Burada qeyd edilir ki, Avropa və ABŞ “Transxəzər” qaz kəmərinin də çəkilşinə nail olub, Azərbaycan üzərindən daha çox qaz alışını reallaşdırmaq istəyirlər: “Regionda istifadəyə verilmiş və hələ tikilməkdə olan bütün boru kəmərlərini nəzərə aldıqda belə, daha bir mühüm tərkib hissə çatışmır. Bu, “Transxəzər” qaz kəməridir və o, təbii qazın Xəzər dənizindən nəql edilməsinin iqtisadi baxımdan yeganə məqsədəuyğun üsuludur, çünki maye qazın belə qısa məsafədə dəniz yolu ilə nəql edilməsi sadəcə sərfəli deyil. “Transxəzər”  kəməri Avropanın enerji landşaftını dəyişə bilər. Son hesablamalara görə, Xəzər regionunda 292 trilyon kub fut təbii qaz var. Bu, o deməkdir ki, Xəzər regionu dünyada ən zəngin ehtiyatlara malik olan regiondur. Azərbaycan 2018-ci ilin ortalarında TANAP vasitəsilə Türkiyəyə qaz nəql etməyə başlayıb və gələn il TAP kəməri vasitəsilə İtaliyaya nəql etməyə başlayacaq. “Cənub Qaz Dəhlizi”nin layihə gücünün 31 milyard kubmetrə bərabər olduğunu nəzərə alsaq, gələcək “Transxəzər”   qaz kəmərindən qaz nəqlini daha da artırmaq mümkün olacaq.

“Transxəzər” qaz kəməri Avropa ölkələrinin digər təchizatçıların inhisarından asılılığını da azalda bilər. Üstəlik, keçən il beş Xəzəryanı ölkə tərəfindən imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya boru kəmərlərini yalnız layihədə iştirak edən ölkələrin razılığı ilə çəkməyə imkan verir, bu da öz növbəsində yeni imkanlar yaradır. Amma “Transxəzər” boru kəmərini inşa etməzdən əvvəl Bakı və Aşqabad Xəzər dənizində Azərbaycanın və Türkmənistanın offşor yataqları arasında interkonnektor tikilməsi məsələsini həll etməlidir. Gələcəkdə interkonnektorlardan istifadə etməklə Qazaxıstanın qaz yataqlarının da bu kəmərə qoşulması variantları öyrənilməlidir, çünki Qazaxıstanın bəzi yataqları kommersiya baxımından rentabelli sayıla bilməz, onlar bir-birinə kifayət qədər yaxın yerləşir. Türkmənistanın və Azərbaycanın mövcud qaz yataqlarını birləşdirən interkonnektorun uzunluğu cəmi 60 mil olacaq və onun tikintisinə cəmi 500 milyon dollar xərc çəkmək lazım gələrdi. Müqayisə üçün bildirək ki, bütün “Transxəzər”  boru kəmərinin tikintisinə təqribən 1,5 milyard dollar lazım gələcək. İnterkonnektorun olması Avropanın uzunmüddətli enerji təhlükəsizliyinə şərait yaradan böyük nailiyyət olardı.

“Transxəzər”  boru kəmərinin tikintisinin başa çatdırılması Birləşmiş Ştatlar üçün də bir sıra üstünlüklər yaradacaq. Maraqlıdır ki, Tramp administrasiyasının bəzi nümayəndələri bu faktı indidən etiraf edir. Prezident Tramp bu yaxınlarda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova göndərdiyi məktubunda yazırdı: “Ümidvaram ki, Türkmənistan bu yaxınlarda Xəzər dənizinin hüquqi statusu müəyyən ediləndən sonra Qərbə qaz ixracı üçün yaranmış yeni imkanlardan istifadə edə biləcək”. “Transxəzər”  boru kəmərinin Birləşmiş Ştatlar üçün ən aşkar üstünlüyü ondan ibarətdir ki, bu kəmər Avropanın enerji təhlükəsizliyini artıracaq. Tramp administrasiyası “Cənub Qaz Dəhlizi” və “Transxəzər”  boru kəməri kimi alternativ mənbələrdən qaz təchizatı layihələrinin həyata keçirilməsini dəstəkləməlidir. Administrasiya bu məsələdə 1990-cı illərdə Bakı-Tiflis-Ceyhan boru kəməri layihəsinin reallaşması məsələsində Bill Klinton administrasiyasının nümayiş etdirdiyi kimi qətiyyətli olmalıdır”. Bütün bunlar qarşıdakı dövr ərzində Avropanın enerji bazarında Azərbaycanın mövqelərinin daha güclü hala gəlməsinə imkan verəcək.