Xəzər regionunda ilk “Port Festivalı 2019” – FOTO/VİDEO

436

Ötən həftəsonu Bakının və ölkənin cənub bölgələrinin bir çox sakinləri üçün Ələt qəsəbəsində yeni Bakı limanında keçirilən ilk liman festivalı ilə yadda qaldı.

Xatırladaq ki, Avropanın və Asiyanın aparıcı limanları tərəfindən “Açıq qapılar” (Port Günləri) formatında keçirilən tədbirlər Antverpen, Rotterdam, Hamburq, Sidney və s. şəhərlərin vizit kartlarına çevrilib.

Xəzər dənizi regionunda ilk dəfə keçirilən tədbirdə Bakı və Şirvan şəhərləri, Qaradağ, Salyan, Hacıqabul, Sabirabad, Neftçala rayon sakinləri, məktəbli və yeniyetmələr iştirak edib, yeni və müasir standartlara uyğun inşa edilən yeni limanla tanış olmaq imkanı qazanıblar.

Tədbirdə habelə nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətləri, Azərbaycanda akkreditə olunmuş diplomatlar, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov qeyd edib ki, Azərbaycanda nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasəti və qlobal miqyaslı təşəbbüslər nəticəsində 2018-ci ilin 14 may tarixində cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən yeni Bakı Limanı Xəzər dənizinin ən böyük limanlarından biridir:

“Hazırda liman Mərkəzi Avrasiya regionunda mühüm nəqliyyat və logistika qovşağına çevrilməkdədir və dünyanın aparıcı limanları, nəqliyyat və logistika şirkətləri ilə faydalı iş birliyi qurmaqdadır.

Yeni Bakı Limanında müasir dünya standartlarına uyğun yaradılmış infrastruktur, görülən işlərin ölkəmizə, o cümlədən ətraf rayon və qəsəbələrdə yaşayan əhalinin sosial rifahına göstərəcəyi müsbət təsirindən, əlavə iş yerlərinin açılması və görülmüş digər tədbirlərlə ictimaiyyəti tanış etmək baxımından “Port Festival”ın keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”.

Daha sonra festivala qatılan dövlət və özəl qurumlarının, xarici səfirliklərin stendləri ilə tanışlıq olub.

Festival zamanı tədbirin müxtəlif tərəfdaşları tərəfindən həm uşaqlar, həm də böyüklər üçün müxtəlif əyləncəli və öyrədici oyunlar təşkil edilib. Rəngarəng proqramı olan festivalda mini-qolf və mini-futbol meydançaları, ilkin tibbi yardım təlimi, robot şou, virtual reallıq kabinələri, ölkəmizin istedadlı gəncləri tərəfindən konteynerlərin üstündə qrafiti şou, fləşmoblar, şahmat oyunları, azyaşlılar üçün oyun meydançası, liman avadanlıqlarının sərgisi təşkil olunub.

Tədbirin maraqlı hissələrindən biri Dövlət Sərhəd Xidmətinin helikopterinin Liman akvatoriyasında xilasetmə əməliyyatının, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Gömrük Komitəsinin xilasetmə kater və avadanlıqlarının nümayişi, Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmi ilə gəzintinin təşkil edilməsi olub. Eyni zamanda, liman əməkdaşları tərəfindən limanın texniki və əməliyyat imkanları nümayiş etdirilib.

İki gün davam edən tədbirdə 8000-ə yaxın insan iştirak edib.