Gürcüstanda yeni limanın inşası ilə bağlı qərar ləğv olunub

358

Gürcüstanın Poti şəhərində yeni limanın inşası ilə bağlı icazə ləğv olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava jurnalistlərə bildirib.

Onun sözlərinə görə, “APM Terminals Poti” şirkətinə təqdim olunan sənəd tikinti üçün icazə olmayıb: “Həmin sənəd torpaqdan istifadə ilə bağlı ilkin şərtlərlə bağlı olub və Texniki və Tikinti Nəzarəti Agentliyinin rəhbərinin əmri ilə qəbul olunub. Lakin bu məsələ nə hökumət üzvləri, nə də mənimlə razılaşdırılıb. Buna görə də sənədin ləğv olunması barədə qərar qəbul olunub”.

Nazir qeyd edib ki, məsələyə görə Texniki və Tikinti Nəzarəti Agentliyinin rəhbəri Qriqol Kakauridze vəzifəsindən azad olunub.

Qeyd edək ki, ötən gün “APM Terminals Poti” şirkəti yeni limanın inşası ilə bağlı məlumat yayıb.