Delfinlər arasında ölüm halları anomal yüksək səviyyəyə çatıb

503

Okeanın və atmosferin tədqiqi üzrə ABŞ milli idarəsinin mütəxəssisləri son bir neçə ayda Meksika körfəzi sahilləri rayonunda afalin delfinləri arasında ölüm hallarının anomal yüksək səviyyəyə çatmasını qeyd ediblər.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu məlumatı NBC telekanalı yayıb. Alimlərin hesablamalarına görə, bu il fevralın 1-dən iyunun ortalarına qədər Florida, Alabama, Missisipi və Luiziana ştatlarında okean sahilində azı 279 delfin aşkar edilib, onların çoxu ölü olub. İdarənin nümayəndələri vurğulayırlar ki, bu rəqəm göstərilən dövr ərzində orta illik rəqəmdən təqribən 3 dəfə çoxdur.

Diri delfinlər sahilə düşəndən sonra onlara kənardan kömək göstərilməsə özləri okeana qayıda bilmir və bir neçə saat ərzində ölür. Adətən quruya atılan delfinlər qoca, xəstə və ya yaralı olur.

Tədqiqatçılar bu hadisənin səbəblərini müəyyən etməyə çalışırlar. Onların fikrincə bunun bir səbəbi 2010-cu ilin aprel ayında “Deepwater Horizon” platformasında baş vermiş partlayışdan sonra Meksika körfəzinə neft axması ola bilər. Milyonlarla barrel neftin suya axması ilə nəticələnmiş bu ekoloji fəlakətin heyvanat aləminə məhvedici təsiri hələ də davam edir.

Təbiəti mühafizə təşkilatları daha əvvəl bildiriblər ki, neftlə çirklənmiş körfəz rayonlarındakı delfinlər çoxsaylı qaraciyər və ağciyər xəstəliklərindən əziyyət çəkir. Onlar kütlələrinin nisbətən az, özlərinin əzgin olması ilə fərqlənir.

Tədqiqatçıların digər fərziyyəsinə görə, delfinlərin məhv olmasının bir səbəbi də bu baharda baş vermiş daşqınlar nəticəsində Meksika körfəzinə qeyri-adi dərəcədə çox içməli suyun daxil olması ilə bağlıdır. Sahildə ölmüş vəziyyətdə tapılmış bəzi delfinlərin bədən örtüklərinin zədələnməsi aşkar edilib. Bu zədələr içməli suyun təsiri ilə yarana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır