Azərbaycan karbamidinin konteynerlərdə ilk partiyası BTQ üzrə Türkiyəyə uğurla göndərilib

521

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Container” MMC ilə birgə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Azərbaycan karbamidinin konteynerlərdə Türkiyəyə ilk nəqlini həyata keçirib.

“Report” xəbər verir ki, konteynerlərdə nəql edilən ilk partiyanın alıcısı BGN şirkətidir.

Nəql “SOCAR Carbamide” zavodunda (Azərbaycan) palletlərdəki karbamid dolu kisələrin konteynerlərə yüklənməsi yolu ilə həyata keçirilib. Yüklənmiş konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə göndərilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan-Gürcüstan-Türkiyə hökumətlərarası saziş əsasında tikilib. İlkin mərhələdə yük daşımalarının həcmi illik 6,5 milyon ton səviyyəsində olacaq, eləcə də bir milyona qədər sərnişin daşınacaq.

Qeyd edək ki, 2018-ci il oktyabrın 22-də SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Container” MMC ilə birgə karbamidin Marı zavodundan (Türkmənistan) Türkiyəyə çatdırılması üzrə ilk sınaq alışını və nəqlini həyata keçirib. Türkmənistan karbamidinin alışı və nəqli layihəsinin müəllifi “Caspian EPC” şirkətidir.