İranın Böyük Britaniya tankerini saxlaması barədə xəbərlər təkzib edilib

356

Böyük Britaniya bayrağı altında üzən tankerin İran İnqilab Keşikçiləri Korpusu tərəfindən saxlanılması xəbəri həqiqətəuyğun deyil. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Krallığın Dənizçilik və Ticarət Agentliyinin məlumatında sözügedən tankerin Fars körfəzində hərəkət planına uyğun prosedur üçün dayandığı bildirilir. Məlumatda əlavə olunur ki, “Pacific Voyager” tankeri qısa fasilədən sonra öz marşrutu üzrə üzməyə davam edəcək. Agentliyin əməkdaşları tankerin kapitanı ilə birbaşa videoəlaqə də yaradıblar.

İran tərəfi də yanlış xəbəri təkzib edib. IRIB informasiya agentliyinin yaydığı xəbərdə deyilir ki, beynəlxalq mətbuatda və sosial şəbəkələrdə Britaniya tankerinin saxlanılması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, iyulun 5-də İran İnqilab Keşikçiləri Korpusunun komandanı Cəbəllütariq muxtar hökumətinə aid olan sularda İran nefti yüklənmiş tankerin saxlanılmasına cavab olaraq Böyük Britaniya tankerini girov götürəcəklərini bəyan etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır