Rusiya İran neftini daşıyan tankerin saxlanılmasını pisləyib

380

Rusiya İran neftini daşıyan tankerin Britaniyaya məxsus Cəbəllütariq muxtar hökumətində saxlanılmasını pisləyib.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yazılı şərhində, tankerin İran və Suriyadakı vəziyyəti ağırlaşdırmaq üçün saxlanıldığı bildirilir.

“Cəbəllütariq muxtar hökumətinin Britaniya donanması ilə birgə tankeri saxlamasını qınayırıq”, – deyə nazirliyin məlumatında qeyd edilib.

Xatırladaq ki, ötən günlərdə Cəbəllütariq muxtar hökumətində saxlanılan və Suriyaya neft nəqlində şübhəli bilinən tanker İran xam neftini daşıyırmış. Bununla bağlı Böyük Britaniyanın İrandakı səfiri Rob Macaire İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Cəbəllütariq muxtar hökumətinin başçısı Fabian Picardo hökumət qüvvələrinin neftin Suriyaya çatdıracağından şübhələndikləri tankeri saxladığını və yükün nəzarətə götürüldüyünü deyib. “Grace 1” tankeri Avropa İttifaqının (Aİ) Suriyaya tətbiq etdiyi sanksiyaları pozduğuna görə Böyük Britaniya dəniz qüvvələrinin iştirakı ilə saxlanılıb.

İspaniyanın Xarici İşlər naziri Josep Borrell əməliyyatın ABŞ-ın Britaniyadan istəyi əsasında həyata keçirildiyini deyib.

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi isə “Twitter” səhifəsində yazıb ki, tanker Britaniya dəniz qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılıb.

İranın mühafizəkar qrupları tankerin saxlanmasına cavab olaraq rəsmi Londonu Britaniya gəmilərinə qarşı adekvat addımın atılacağı ilə bağlı hədələyib.

Xatırladaq ki, Aİ 2011-ci ilin sonunda Suriyaya qarşı sanksiya qərarı qəbul edib və neft embarqosu daxil olmaqla sanksiyaların müddəti 2020-ci il iyunun 1-dək uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır