Azərbaycan üzərindən Avropaya mal ötürməyə can atan Çin vilayətlərinin sayı sürətlə artır

452

Çindən Avropaya mal daşıma rəqabətində Azərbaycan hamını üstələdi…

Bu gün dünyanın ən böyük ixracatçı ölkəsi kimi tanınan Çinin xüsusi maraq dairəsində olan məsələlərdən biri də dünya bazarlarına məhsullarını ən sərfəli marşrutlar üzərindən çıxarmaqdır. Çinin artan ixracatı fonunda ölkələrin əksəriyyəti Çin məhsullarını öz əraziləri üzərindən daşımaqda maraqlıdır. Məlumat üçün bildirək ki, təkcə ötən il Çinin ixrac etdiyi ümumi məhsulların həcmi 2,14 trilyon dollar təşkil edib. Bu həcmdə yüklərin dünya bazarlarına çıxarılmasında iştirak edən ölkələr tranzit haqqı olaraq bundan yüksək gəlir əldə edir. 

Yaranmış vəziyyətdə Çin üçün ən sərfəli marşrut təklif edən ölkə qismində isə Azərbaycan çıxış edir. Xüsusən də Azərbaycanın böyük uğurla reallaşdırdığı Bakı-Tiflis-Qars dəmir yolu xətti artıq Avrasiya məkanında yükdaşımalar üzrə coğrafiyada əhəmiyyətli dəyişikliklərə gətirib çıxarıb. İndi bu marşrut Çin məhsullarını dünya bazarlarına ən qısa müddətdə və sərfəli şərtlərlə çıxarmağa qabildir. Təsadüfi deyil ki, Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bütün diqqəti məhz Bakı-Tiflis-Qarsa yönəldib. Pekin burada onu da nəzərə alır ki, Çindən gələn malların Avropaya daşınması üçün Azərbaycanda mükəmməl infrastruktur yaradılıb. Ölkəmizin Qazaxıstanın Aktau limanından yükləri daşımaq üçün 260 gəmidən ibarət güclü donanması var. Bu yüklərin boşaldılması və yola salınması üçün isə Ələtdə beynəlxalq əhəmiyyətli liman tikilib. Limandan yüklərin Avropa ölkələrinə daşınması üçün Bakı-Tiflis-Qars fəaliyyət göstərir. Eyni zamanda, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edir. Məhz bütün bunlar Çinin, digər layihələrlə müqayisədə, Bakı-Tiflis-Qarsa daha çox diqqət ayırmasına rəvac verir. Bundan irəli gəlir ki, Bakı-Tiflis-Qarsla yüklərini dünya bazarlarına göndərən Çin vilayətlərinin sayı artır. Xatırladaq ki, bu xüsusda ilk addım Çinin Sintszyan-Uyğur muxtar rayonu tərəfindən atılıb. Məhz buradan Urumçi şəhəri Azərbaycan ərazisindən keçməklə Avropaya yük daşımağa başlayıb. “Şərq-Qərb” dəhlizi ilə Avropaya qatarlar yükləri öncə Qazaxıstan limanına daşıyır, daha sonra yük dəniz yolu ilə Bakıya, buradan da Avropaya çatdırılır. Çindən Avropaya yüklər 8 günə çatdırılır. Artıq 2018-ci ildə Urumçidən Avropaya 1300-dən çox qatar yola salınıb. Cari ildə bu rəqəmin daha da artması gözlənir.

Yaranmış vəziyyətdə Çinin digər vilayətləri də Azərbaycan üzərindən tranzitə xüsusi diqqət yetirməkdədir. Bu fonda, artıq məlumat verildiyi kimi, Çindən yola düşən daha bir blok qatarı Azərbaycana çatıb. Çinin Sian şəhər merinin müavini Qao Qao bildirib ki, Sian-Bakı blok qatarı Azərbaycan və Çin şirkətlərinin işinə böyük töhfə verəcək. O bildirib ki, Sian-Bakı dəmir yolu marşrutu üzrə qatarlar ötən ildən fəaliyyətə başlayıb. Hazırda Çinin Şansi vilayətinin mərkəzi Siandan Bakı istiqamətində daha 2 qatar gəlir: “Ötən il Siandan Avropaya 1300-dən çox qatar yola salınıb, bu isə milyardlarla dollar gəlir deməkdir. Bu gün Siandan Bakıya gələn qatar reysi ümumilikdə Çindən Avropaya gedən 13-cü marşrut yoludur. Ümid edirik ki, çinli və azərbaycanlı biznesmenlər yaradılmış bu şəraitdən yararlana biləcəklər. İnanırıq ki, Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlığımız daha da genişlənəcək. Sian-Bakı qatar yolu bu istiqamətdə atılan vacib addımlardan hesab edilə bilər”.

Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan isə bildirir ki, Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsinin vacib tərəfdaşlarındandır. O qeyd edib ki, energetika, ticarət, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq daim genişlənir.  

Hesablamalara əsasən isə, 2020-ci ilə qədər Şərq-Qərb istiqamətində Çin tərəfdən Qərbə göndərilən yüklər 5 dəfə artaraq 1,3 milyon konteynerə çatacaq. Bunun 300 mini məhz Qafqaz marşrutu ilə daşınacaq. Azərbaycan və Qazaxıstandan keçməklə Avropadan Mərkəzi Asiya ölkələrinə və Çinə və əks istiqamətdə yük axını iki dəfədən çox artacaq. Məhz belə vəziyyətdə Bakı-Tiflis-Qars üzərindən yükdaşımalar əhəmiyyətli dərəcədə artacaq ki, bu da tranzit yükdışmaların ölkəmizə daha çox gəlir gətirməsi deməkdir.  Çinin sözügedən dəmir yoluna marağının artması isə təbii qarşılanır. İlk növbədə o baxımdan ki, Bakı-Tiflis-Qars Avropanın və Asiyanın dəmir yol şəbəkələrinin ən qısa yolla birləşdirilməsini təmin edir və yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verir. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, bu dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər – Bir yol” iqtisadi inkişaf strategiyası prizmasından nəzərdən keçirilir. Bakı da yaranmış durumda Çinlə əməkdaşlığın genişlənməsiən xüsusi diqqət ytierir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın Çindəki növbəti ticarət evi Şansi vilayətinin mərkəzi Sian şəhərində açılacaq. İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, ticartə evinin cari ilin sonunadək açılması nəzərdə tutulur: “Ötən ilin statistikasına əsasən, Azərbaycanla Çinin ticarət dövriyyəsi Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43 faizini təşkil edib. Bu ilin ilk 5 ayında isə Azərbaycanla Çinin ticarət dövriyyəsi 1 milyard dolları ötüb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə  artım deməkdir”.

Onu da xatırladaq ki, bu yaxınlarda Pekində baş tutan “Bir kəmər, bir yol” strategiyası çərçivəsində ikinci beynəlxalq əməkdaşlıq forumu zamanı Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. Daha sonra Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, “Transxəzər” nəqliyyat dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb. Bunlar Azərbaycanla Çin arasında iqtisadi əlaqələrin getdikcə daha güclü hala gəlməsinə rəvac verir.

Nahid SALAYEV